Rusiyanın Türkiyəyə dəhşətli hücum strategiyası… – 16 illik xəritənin gerçəkləri

“Financial Times” nəşri yazır ki, Rusiya 2008-2014-cü illərdə Qərbi Avropada yerləşən bir neçə ölkədəki NATO bazalarını nüvə başlıqlı raketlərlə vurmaq üçün strategiya hazırlayıb. Nəşrin məlumatına görə, Moskvanın bu planı “NATO ilə müharibədə özünümüdafiə strategiyası” adlandırılıb. Strategiyaya əsasən, NATO hücumu zamanı Rusiya sualtı gəmilərdəki nüvə başlıqlı raketlərlə Qərbi Avropadakı bir neçə ölkənin strateji bazalarına zərbələr endirəcək.

Yayılmış xəritədə Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Böyük Britaniya, Norveç, İsveç, Estoniya, Fransa kimi ölkələr hədəf göstərilib. Hətta Rusiyanın müttəfiqləri Çin, Şimali Koreya İran ərazilərinin də hədəfə alındığı ortaya çıxıb.

Bu plan hələ də aktivdirmi? Ümumiyyətlə, sözügedən plana qarşı NATO hansı addımları ata bilər?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, hər iki tərəfin nüvə doktrinaları bir-birilərinə qarşı soyuq müharibə dövründəki “düşmən” statusunun bərpası formasında inkişaf edib:

“Yəni Rusiya və NATO hər hansı hücum üçün ehtimal ssenariləri işləyib hazırlayıblar ki, bu da qüvvələr balansını test edir. Rusiya bəlkə də əvvəllər, elə siz qeyd etdiyiniz dövrlərdə özünün qüvvələr strukturunu NATO-ya nisbətdə güclü və modern kimi qiymətləndirirdi, ona görə də müxtəlif ölkələrə nüvə zərbələri endirməsi planını hazırlaması qarşı tərəfin həmlələrini, genişlənməsini dəfetmə aktı idi.

Bir az fərqli desəm, bu proses mümkün nüvə silahının istifadəsinin döyüş meydanından kənarda vizuallaşdırılmasıdır. Ancaq nə o zamankı durum, nə də cari vəziyyətə olan qiymətləndirmə belə, hələ nüvə müharibəsi həddinə toxunulmadığını göstərir.

Baxaq, istər Rusiya, istərsə də NATO-nun nüvə imkanlarının modernləşdirilməsi, bir-birilərinin sərhədləri yaxınlığında aqressiv ritorikaları onların çəkindirmə imkanlarını tənzimləmək prosesini qeyd edir. Ukrayna müharibəsi ilə proses daha da sürətlənib, lakin bu, nüvə silahlarının səhnədə baş rol almasını şərtləndirmir.

Aqşin Kərimov

Bununla belə, nüvə silahları və başlığı daşıya biləcək raketlər hər iki tərəfin qürurverici vasitəsi olaraq qalır. Onun istifadəsi o zaman mümkün olur ki, tərəflərdən hər hansı biri digərinə qarşı nüvə və kütləvi qırğın silahlarından, ballistik raketlərdən istifadə düyməsini bassın.

İndi yayılan iddiada göstərilən tarixlərə qayıdaq, məgər o zaman nüvə hücumu üçün zəruri olan hədd keçilmişdimi? Xeyr, heç indi də bu sərhədlər tapdalanmayıb, Rusiya da, NATO-da nüvə cizgilərini tapdalamaqda ehtiyatlı davranırlar.

İndiki vəziyyət belə nüvə doktrinasına düşəcək ekzistensial təhlükə yaratmır”.

Turan Rzayev
Globalinfo.az