WhatsApp Image 2026 05 26 at 13.47.35

Prezident İlham Əliyev mayın 26-da kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə bir çox mühüm detala diqqət çəkib. Prezident həmçinin ötən həftə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) müzakirələrində genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın mövzusuna yer verildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir.

Prezident bəzi ölkələrin bu məsələnin həlli üçün imkan tapa, yaxud da ki, düzgün strategiya işləyə bilmədiyini söyləyib. O, Azərbaycanda kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesinin başladılmasının vacib olduğunu qeyd edib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, əslində, təkcə kənd təsərrüfatı ilə bağlı deyil, bütövlükdə gələcəyin sosial və demoqrafik təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir:

“Dünyanın bir çox ölkəsində urbanizasiya sürətlə artır, insanlar iş, təhsil və xidmət imkanları səbəbindən kəndləri tərk edərək şəhərlərə yönəlirlər. Bu isə bir tərəfdən kənd təsərrüfatının zəifləməsinə, digər tərəfdən isə şəhərlərdə həddindən artıq sıxlıq, infrastruktur yükü və sosial problemlərin artmasına səbəb olur. Prezidentin “şəhərlərdən kəndlərə qayıdış” mesajı isə artıq yeni inkişaf modelinə keçid siqnalıdır. Yəni məqsəd kəndi yalnız kənd təsərrüfatı məkanı yox, yaşayış, iqtisadi fəaliyyət və sosial imkanlar baxımından cəlbedici mühitə çevirməkdir.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva

Bu baxımdan, kəndlə şəhər arasındakı fərqlərin azaldılması strateji məsələdir. Əgər kəndlərdə yol, internet, məktəb, xəstəxana, məşğulluq və rəqəmsal xidmətlər şəhər səviyyəsinə yaxınlaşdırılarsa, insanlar böyük şəhərlərə köçməyə məcbur qalmaz.

Xüsusilə son illərdə kənd təsərrüfatında müşahidə olunan durğunluğun dövlət səviyyəsində açıq şəkildə etiraf olunması və yeni proqram hazırlanması onu göstərir ki, hökumət artıq bu sahəyə daha sistemli yanaşmağa çalışır. Əslində, kəndlərin dirçəldilməsi təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik, ərzaq təhlükəsizliyi və regionların balanslı inkişafı baxımından olduqca vacibdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: