Qurban bayramının iki gün keçirilməsinin əsl səbəbi açıqlandı

tezepir mescid

İyun ayının 16-17-si ölkəmizdə Qurban bayramı qeyd ediləcək. Hər il olduğu kimi, bu il də ictimaiyyətdə qurbanlıqla bağlı müxtəlif suallar yaranır.

Qurban əti kimlərə şamil olunur?

Qurban bayramı niyə iki gün qeyd edilir?

Mövzunu Globalinfo.az-a şərh edən Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin sözlərinə görə, Qurban bayramı İslamda özünəməxsus ənənələri olan bayramlardandır.

O deyib ki, bu bayram insanların bir-birinə sevinc bəxş etdiyi, onlar arasında birlik və həmrəyliyin təmin edilməsi, qorunması üçün keçirilir:

“Qurban sözünün mənası yaxınlaşmaq deməkdir. Bu, məsafə baxımından deyil, mənəvi baxımdan Allaha yaxınlaşmaqdır. Qurbanlıq eyni zamanda Allaha fəda getməsidir. Qurban bayramının əsas məqsədlərindən biri də müqəddəs Quran-i kərimin “Həcc” surəsinin 37-ci ayəsində buyurduğu kimi, – “onların nə əti, nə də qanı əlbəttə Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır”. Təqva isə səmimi qəlbdən etdiyiniz ibadətlər və niyyətlərdir. Qurban bayramının müqəddəsliyinin əsas məqam və məqsədlərindən biri də imkansız insanlara bayram günlərində sevinc əhval-ruhiyyəsi bəxş etməkdir. Quranda və bütün müqəddəs kitablarda da Hz. İbrahim peyğəmbər oğlu İsmayılı Allah yolunda əhd edir və onu qurban kəsmək istəyir. Təbii ki, o qurbanlığı Allah qəbul edir. Çünki İbrahim Peyğəmbər bununla gördüyü işləri, Allaha olan bağlılığını göstərmiş olur. Quran buyurur ki, “əsas məqsəd İbrahim Peyğəmbərin Allaha olan sadiqliyini, inam və imanının yoxlanması idi”.

surxay 1

Hacı Surxay Məmmədli

İlahiyyatçının sözlərinə görə, qurbanlıq əti üç hissədən, yəni üç paydan ibarətdir:

“Bir pay insanın özü və ailə üzvlərinə, ikinci qonşulara, ehtiyacı olan insanlara, üçüncü isə bacı və qardaşları, yaxınları üçündür. Xüsusilə qeyd etmək istəyirəm ki, qurbanlıq Həccdə vacibdir. Yəni Allahın evində qurban kəsən hər bir hacı həcc əməllərini bitirdikdən sonra qurban kəsir. O, olduqca vacibdir. Amma bölgələrə gəldikdə isə bu, müstəhəbdir, savabdır, dəyəri çoxdur. Əgər bir insanın imkanı varsa, bir və ya bir neçə qurban kəsə bilər. Allahın rəsulu da belə edərdi. O, iki və ya üç qurban kəsərdi. Deyərdilər, “ey Allahın rəsulu, niyə bu qədər qurban kəsirsən?” Allahın rəsulu buyurardı ki, “biri özüm, digəri isə ehtiyacı olan insanlar üçündür. Onların da ürəklərində qurban kəsmək arzusu var, lakin edə bilmirlər”. Ona görə qurbanlığın özünün çox böyük əhəmiyyəti var. Qurbanlıq eyni zamanda insanın günahlarının kəffarəsidir. Qurban kəsən insanın ömrü uzanar, malının, mülkünün bərəkəti artar, səxavətli və comərd olan insanlardan olar”.

Hacı Surxay Məmmədli qurbanlığın iki gün qeyd edilməsini belə izah edib:

“Əslində, qurbanlığın iki gün qeyd edilməsinin əsas səbəbi qurban kəsə bilməyənlərdir. Kim ilk gün bunu edə bilmirsə, ikinci günü rahat şəkildə kəsə bilər. Hansı gün ki, insan günah etmir, o gün onun bayramıdır”.

İlahiyyatçı xalqımıza təbriklərini çatdırıb:

“Bayram münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edirəm! Bütün dualarının, ibadətlərinin, itaətlərinin qurban kəsilən zaman Allah qatında qəbul olunmasını diləyirəm. Qoy, bu bayram bütünlükdə Azərbaycanımızda və dünyada olan azərbaycanlıların qurban kəsməsinə bir vəsilə olsun inşallah. Allahu-təala birliyimizi, bərabərliyimizi, dövlətimizi, xüsusilə də üç rəngli bayrağımızı qorusun! Allah ölkə rəhbərimizi və xalqımızı hər zaman yerin-göyün bəlalarından hifz etsin!”

Zaira Akifqızı
Globalinfo.az