“Qızıl poker” başladı: liderlər “kartlarını ortaya qoyur”- Böyük gərginlik

“ABŞ Prezidenti Cozef Bayden çinli həmkarı Si Szinpinlə telefonla danışmağı planlaşdırır. Ehtimal edilən müzakirənin yaxın vaxtda baş tutacağı mümkündür. Əgər belə olarsa, liderlərin fikir mübadiləsi aparacağı əsas məsələlərdən biri, şübhəsiz ki, Ukraynadakı müharibə və savaşın qlobal təsirləri olacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Şərqi Avropadakı döyüşlər başlayandan sonra dünyanın siyasi nizamında yeni mənzərə yaranıb, qütbləşmə daha da dərinləşib:

“Davam edən müharibə ilə paralel olaraq Qərbin Rusiya, İran və Çinə təzyiqləri artır. Birinci dövlət Ukraynada “bataqlığa” çəkilib. Sonrakı ikisi isə Rusiyaya dəstək verməkdə ittiham olunur.

Gələcəkdə Vaşinqtonun bu üç tərəfə təzyiqi daha da arta və dövlətlər arasında gərginlik güclənə bilər.

Rusiya və İranla bağlı “layihə” artıq işə düşüb. Hazırda Qərbin ən çətin rəqibi Çindir. ABŞ və müttəfiqləri Çinlə birbaşa toqquşmaya getmək istəməzlər. Amma iqtisadi müharibənin gücləndirilməsi gözləniləndir.

Artıq Çinin Rusiyaya silah verməsinə dair iddialar mövcuddur. Bu məlumatların nə qədər səhih olması bilinmir.

Başqa məqam Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda Çinə etdiyi səfərdədir. Müxtəlif ekspertlərin fikrincə, o, Çindən silah alacaq və həmin texnikaları Rusiyaya ötürəcək.

Həmçinin Çin liderinin bu günlərdə Rusiyaya səfəri planlaşdırılır. Yəni Moskva ilə Pekin arasında əməkdaşlıq güclənir. Əlbəttə, bu, Qərbin ürəyincə deyil.

Ehtimal olunan telefon danışığında Baydenin Rusiyaya dəstəyi dayandırmaqla bağlı Çinə xəbərdarlıq edəcəyi gözləniləndir.

Liderlərin danışığının konstruktiv ruhlu olacağı gözlənilmir. Əksinə, yəqin ki, müzakirə zamanı prezidentlər “kartlarını ortaya qoyacaq” və bir-birilərinin “nəbzini yoxlayacaqlar”. Bundan sonra ABŞ-la Çin arasında münasibətlərin daha da gərginləşəcəyi mümkündür”.

Turan Rzayev
Globalinfo.az