Qərb ölkələri Ukraynaya yeni silahları verməsə… – Müharibədə kritik mərhələ

“Ukrayna dövləti böyük maraqlara xidmət edən siyasətin qurbanına çevrildi. Bir müddətdir ki, Ukraynaya dəstək göstərən Qərb ölkələri tərəfindən yeni silahların verilməsi ilə bağlı danışıqlar hələ ki, müzakirələr səviyyəsində qalıb. Bu da müharibənin uzanmasına səbəb olub. Təbii ki, bu, soyuq qış aylarında Rusiyanın imkanlarını artırır”.

Bu sözləri Globalinfo.az-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib:

“Baş verən proseslər onu göstərir ki, müharibə hələ davam edəcək. Ukraynanın itkiləri gündən-günə artmaqdadır. Bəzi məlumatlara görə, Rusiyanın 1 milyon yarım insanı səfərbər etməsi, Baş Qərargah rəisi Valeri Gerasimovun həmin əməliyyatlara rəhbər təyin edilməsi ondan xəbər verir ki, Rusiya şiddətli hücumlar planlaşdırır”.

Xəyal Bəşirov

Ekspertin sözlərinə görə, belə fikirlər səsləndirilirdi ki, yanvar ayının sonunda Rusiya şiddətli hücuma başlayacaq, amma bu hücum daha tez başladı:

“Rusiya bir sıra əhəmiyyətli şəhərləri öz nəzarətinə keçirdi və hazırda Baxmut adlı çox strateji şəhərdə döyüşlər gedir. Hesab etmirəm ki, Rusiya hazırkı məqamda nüvə silahından istifadə etsin. O bundan son mərhələdə istifadə edəcək.

Ukrayna müharibəsinin 1 il müddətinə qədər uzanmasının əsas səbəblərindən biri Qərb ölkələrinin lazımi məqamda ciddi dönüş yarada biləcək silahları verməməsi ilə bağlıdır.

Bəzi Avropa dövlətləri rəsmilərinin bəyanatlarından aydın olur ki, Qərb cəbhəsində də fikir ayrılığı var. Həmçinin dünyada BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar konfliktləri həll etməkdə acizdirlər.

Hesab edirəm ki, bu məsələdə dünya birliyi seçim etməlidir: ya müharibənin taleyini həll edəcək silahlar Ukraynaya verilməli, ya da itkiləri dayandırmaq üçün atəşkəsin əldə edilməsi mərhələsinə keçilməlidir. Əks təqdirdə isə bu müharibə hələ çox davam edəcək”.

Gülnar Səlimova
Globalinfo.az