Bakının əlindəki strateji məlumat – Dövlətin hərəkətə keçməsinin səbəbi

Qərbə bağlı, oradan rəsmi və qeyri-rəsmi şəkildə maliyyələşən media orqanlarının Azərbaycanda fəaliyyəti məhdudlaşdırılır. Son hadisələr bir daha göstərdi ki, Qərbin, ABŞ-ın ölkəmizdəki agentura şəbəkəsi kifayət qədər böyük və təhlükəli həddədir.

Maraqlıdır, dövlətin əlində hansı strateji bilgi var ki, bu cür kəskin qərar qəbul edib? Qərb fondları bu saytları, Yutub kanallarını, internet TV-lərini niyə bu qədər böyük məbləğlərlə bəsləyir? Ölkəmizdə “Amerikanın Səsi”, “Azadlıq Radiosu”, BBC və s. kimi beynəlxalq media subyektlərinin fəaliyyəti də məhdudlaşdırıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki,  Azərbaycana qarşı növbəti düşmənçilik dalğası aktivləşdirilib:

“Rəsmi Bakının buna adekvat cavab verməsi təbiidir. Biz özümüzü qoruma instinki ilə hərəkət etməliyik. Hazırkı prosesləri fərqli təqdim edən insanlar bunu özlərinə vəzifə borcu hesab edirlər.

Fazil Mustafa

Lakin vəziyyət dəyişib, ərazi bütövlüyümüz bərpa edilib, artıq prosesin geri dönüşü yoxdur. Qərb başa düşməlidir ki, Azərbaycanla bu tonda danışmaq fayda vermir. ABŞ Cənubi Qafqaz, Mərkəzi Asiya siyasətində uğur əldə etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Əks addımlar ancaq mənfi nəticələr verəcək”.

Deputat Hikmət Babaoğlu isə deyib ki, Azərbaycan əldə etdiyi tarixi zəfərə görə iqtisadi-siyasi müstəqilliyinə borcludur:

“İndiki tarixi mərhələdə əsas məsələ informasiya məkanında müstəqilliyi qorumaqdır. Əgər informasiya məkanına hakim olmasaq, orada gec-tez “işğala” məruz qalacağıq.

Hikmət Babaoğlu

Reallıq ondan ibarətdir ki, Qərb qüvvələri media məkanımızı işğal etdilər. Adıçəkilən media subyektlərinə yardım adı altında maliyyə ayrılması informasiya sahəsindəki işğalla bağlıdır. Hesab edirəm, dövlət qurumlarımızın atdığı addımlar dəstəklənməlidir. İçimizdəki “troya atları” zərərsizləşdirilməlidir”.

Turan Rzayev
Globalinfo.az