Qərb Azərbaycanda inqilab hazırlayır? – Səfirlərin müxalifətlə görüşünün gizlinləri

Avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində görüş baş tutub. Belə ki, görüşdə səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxs iştirak edib.

Bu haqda məlumatı Qafqazinfo.az saytı yayıb. Görüşdə regionda və Azərbaycanda hazırkı durum, ölkəmizdəki ictimai-siyasi vəziyyət, müxalifətin fəaliyyəti və digər məsələlər müzakirə olunub. Məlumata görə, səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb.

Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər.

P.Mixalko nümunə kimi Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini göstərərək bildirib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir.

Qərb ermənilərin vasitəsilə Azərbaycan dövlətinə təzyiq mexanizmdən məhrum olub, indi müxalifəti fəallaşdırır? Bu görüş Qərbin Azərbaycanda inqilaba çalışdığı deməkdir?

Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Hikmət Babaoğlu deyib ki, bu görüş iştirak edən partiya rəhbərləri və şəxslər üçün olduqca ciddi ictimai və hüquqi məsuliyyət yaradır:

“İlk növbədə həmin görüşdə müzakirəyə çıxarılan məsələlər elə həmin siyasi partiyaların nizamnamə prinsiplərinə ziddir. Çünki siyasi partiyalar ölkədaxili siyasi aktorlardır və hakimiyyətə gəlmək üçün xaricdən maliyyə və siyasi dəstək ala bilməzlər. Əks təqdirdə bu, xarici siyasi subyektlər qarşısında öhdəçilik yarada bilər ki, bu da milli təhlükəsizliyimiz üçün təhdiddir.

İkincisi, görüşdə müzakirə edilən məsələlərin məzmunu “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə ziddir. Qanunda siyasi partiyaların maliyyə fəaliyyətlərinin şəffaflığı ilə bağlı xüsusi maddə var və hər partiya öz maliyyə fəaliyyətinin hesabatını verməlidir. Ancaq görüş zamanı bəlli olur ki, bu maliyyə görüşdə iştirak edən siyasi fəallara və partiyalara qeyri-qanuni yollarla təmin edilib. Maliyyəni alanlar isə onun hesabatını nə müvafiq qurumlara, nə öz partiyadaşlarına, nə də maliyyəni təmin edən subyektə verməyiblər. Bu da şübhəsiz ki, həm hüquqi, həm də mənəvi-siyasi məsuliyyət yaradır.

Ayrıca məsələ ondan ibarətdir ki, AXCP və Müsavat partiyaları özlərini Azərbaycanın müxalifət partiyaları kimi təqdim etsələr də məlum olur ki, sən demə, Avropanın bəzi imperialist dairələrinin Azərbaycandakı siyasi alətləri imiş. Çünki onlara çox aydın şəkildə direktivlər verilir, fəaliyyətləri qeyri-qənaətbəxş hesab edilir və Gürcüstan müxalifətinin fəaliyyəti onlara nümunə kimi göstərilir.

Hikmət Babaoğlu

Burada isə milli maraqlara zidd olan tamamilə başqa bir məsələ ortaya çıxır. Gürcüstan müxalifətinin fəaliyyəti bu ölkəni həm mənəvi, həm də hərbi-siyasi və daxili-siyasi vəziyyət baxımından az qala dağılma nöqtəsinə gətirib çıxarıb. Deməli, Qərb imperializminin Azərbaycanla bağlı məqsədləri də eynidir və AXCP-Müsavat cütlüyü də bunu etmək üçün öhdəçilik götürüb və üstəlik icra etmək üçün olduqca ciddi maliyyə vəsaiti əldə edib. Ən ironik məsələlərdən biri də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrellin yaranmış durumdan ciddi narazı olmasıdır.

Bu şəxs 44 günlük Vətən müharibəsində də, ondan ötən 4 il müddətində də daim erməniləri və onların mövqeyini müdafiə edib, Azərbaycana qarşı hər cür hədyan danışıb. Belə çıxır ki, xalqımızın kiçik də olsa bir hissəsinin inandığı AXCP-Müsavat liderləri Azərbaycan xalqına yox, Cozef Borrellə xidmət edirlərmiş. Bütün bunlar nə AXCP- Müsavat üzvləri, nə də Azərbaycan xalqı tərəfindən əsla qəbul edilə biləcək məsələlər deyil. Ona görə də AXCP-Müsavat cütlüyü dərhal Azərbaycan ictimaiyyətinə məsələ ilə bağlı məntiqli bir izahat verməli, atdıqları addımların hansı məqsədə xidmət etdiyinə aydınlıq gətirməlidirlər”.

VI çağırış Milli Məclis deputatı Fazil Mustafa isə deyib ki, Aİ-nin Azərbaycanla bağlı niyyətləri tamamilə ortadadır:

“Onlar Azərbaycanda nə demokratiya istəyirlər, nə də hansısa bir şəkildə tərəqqinin olacağını gözləyirlər. Onlar sadəcə ölkəmizə qarşı təsir mexanizmləri formalaşdırıb, əllərində saxlamaq istəyir. Əvvəllər bunu ermənilər üzərindən edirdilər. Bundan başqa isə müəyyən dərəcədə QHT və müxalif partiyalara dəstək verirdilər. Amma bu dəstək də yetərli deyildi. Çünki onların düşündüyü o idi ki, hansısa bir QHT və ya siyasi partiya güclənməsin. Əvəzində onların Aİ-nin siyasətinə ölkə daxilində dəstək vermələrini istəyirdi.

Erməni kartı Qərbin əlindən çıxdıqdan sonra başqa yollar axtarmağa başladılar. Əsas istəkləri odur ki, ölkə daxilində sabitlik pozulsun. Bunun üçün vasitələr axtarırlar. Erməni məsələsində buna çox çalışdılar, amma effekt vermədi. Xüsusilə ermənilərin Laçından könüllü şəkildə getməsi onların planını suya düşürdü.

Fazil Mustafa

Bütövlükdə təkcə Aİ ilə deyil, ölkəmizə düşmən münasibət bəsləyən ölkələrlə təmasda olan, əməkdaşlıq edən müəyyən qüvvələr var. Onlar ölkə daxilində sabitliyi pozmağa çalışır. Amma Azərbaycan dövləti də güclüdür. Rəsmi Bakının hansısa qüvvəyə ölkədə sabitliyi pozmaq üçün şərait yaradacağını düşünmürəm”.

Ağ Partiya başqanı Tural Abbaslı isə deyib ki, iqtidar-müxalifət məsələlərini Azərbaycanın daxili məsələsi hesab edir:

“Yəni ölkədaxili məsələlər yenə ölkə daxilində müzakirə edilməlidir. Kiminsə kənardan gəlib daxili məsələrimizə müdaxilə etməsi, qiymət verməsi qəbuledilməzdir. Çünki Azərbaycan müstəqil dövlətdir və bizim öz xəttimiz var. Ölkənin müstəqil siyasəti onun siyasi partiyalarında da özünü büruzə verməlidir.

Tural Abbaslı

Aİ rəsmisinin Azərbaycanda fəaliyyət göstərən partiyaya “siz niyə bunu belə etmirsiz?” kimi suallar ünvanlaması, Gürcüstanı misal göstərməsi, tapşırıqlar verməsi doğru deyil. Bu, ölkənin daxili işlərinə müdaxilədir və qanun pozuntusudur. Biz AĞ Partiya olaraq ancaq xalqa arxalanır, ona güvənirik, cəmiyyətimiz və qanunlar qarşısında hesabatlıyıq. Biz əvvəldən bəri bir şeyi deyirik ki, bir partiyanı iqtidara hansısa güc yox, xalq gətirməlidir”.

Turan Rzayev
Globalinfo.az