Son günlər ABŞ-la Azərbaycan arasında müşahidə edilən soyuqluq 907-ci düzəlişi yenidən gündəmə gətirib. 6 Avqust 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunan Azadlığa Dəstək Aktı SSRİ-nin dağılmasından sonra Rusiya və yeni müstəqillik qazanmış digər dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutan sənəddir.
1992-ci il oktyabrın 24-də Konqres bu qanuna düzəliş edərək (907-ci düzəliş) ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına (bələdiyyələrə) birbaşa yardımını qadağan edib.
Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın guya “Qarabağ ermənilərini blokadada saxladığını” əsas gətirərək qəbul edib. Düzəlişə əsasən, ABŞ Prezidenti “Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz”.
Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub.
907-ci düzəliş necə ortaya çıxdı? 1992-ci ildə bundan yayınmaq olardımı? Hazırda bu “düzəlişə” düzəliş etmək, ortadan qaldırmaq mümkün deyil?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, 1992-ci ilin noyabrında ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəliş ani qərar deyildi:
“Bu bəyannamənin qəbuluna əvvəlcədən hazırlıq aparılıb. Qərarın qəbul olunmasına qədər baş verən proseslərə diqqət etsək, ABŞ-ın mövqeyi ortaya çıxır.
Belə ki, hələ SSRİ dağılarkən 1991-ci ilin payızında ABŞ prezidentinin müşaviri olmuş rəsmi şəxs keçmiş DQMV-ya səfər edərək Vaşinqtonun marağını ortaya qoydu. O zaman SSRİ dağılmamışdı və son dövrlərini yaşayırdı. Ermənistanla Azərbaycan arasında vəziyyət isə gərgin idi.
Oqtay Qasımov
Qəribədir ki, Xocalıda baş verən soyqırıma etiraz edilmədi, ardınca Şuşa, Laçın işğalı olundu, Ağdabanda növbəti soyqırım törədildi, amma ABŞ bunları səssizliklə qarşıladı. Diqqətçəkən məqam budur ki, ABŞ Konqresində erməni diasporu ilə aparılan iş əsasında müəyyən sanksiyaların tətbiqinə hazırlıq gedirdi. Bütün bu proseslərin əsas məqsədi Qarabağı Azərbaycandan alaraq Ermənistana birləşdirmək idi”.
Ekspert deyib ki, 1992-ci ilin 23 iyulunda ABŞ Konqresində Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə həsr olunmuş dinləmə keçirildi:
“Həmin dinləmənin stenoqramı o zamankı “Azərbaycan” qəzetində çap olunub. Stenoqramda ABŞ rəsmilərinin Ermənistanı dəstəklədiyi hiss olunur. Bunun əsas səbəbinin Ermənistanın coğrafi və siyasi vəziyyətinin ağırlığı ilə əsaslandırıblar. Azərbaycanda hakimiyyətə gələn qüvvələrin millətçi faşistlər olduğu deyilməyə çalışılıb.
Təsəvvür edin, bu dinləmələr Azərbaycana qarşı sanksiyaların qəbulundan 4 ay öncə baş verib. ABŞ rəsmiləri cəmi bir həftə əvvəl prezident seçilən bir şəxs və onun komandası haqda ağlasığmaz ifadələr işlədib.
Göründüyü kimi, 907-ci düzəliş Azərbaycanın apardığı siyasətlə bağlı deyildi. Azərbaycan o vaxtı yeni müstəqil idi, dünya ilə əlaqələri yox idi. Onun ABŞ-la diplomatik əlaqələri yeni-yeni başlayırdı. Ona görə hansısa bir cəhdlə bu sanksiyaların qarşısını almaq imkanı yox idi”.
Turan Rzayev
Globalinfo.az