Yaxın günlərdə Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq baş tuta bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə keçmiş erməni deputat Arman Babacanyan bildirib.
O, görüşün Avropa şəhərlərindən birində keçirilə biləcəyini söyləyib. Mümkün məkan kimi Bolqarıstanın adını qeyd edib. Həmçinin prosesə ABŞ-ın vasitəçilik edəcəyini vurğulayıb.
Arxiv foto
Xatırladaq ki, Qarabağ erməniləri ilə ilk danışıq 2023-cü il martın 1-də Xocalı şəhərində baş tutmuşdu. Azərbaycan tərəfdən bu missiya Milli Məclisin deputatı Ramin Məmmədova həvalə edilmişdi. Görüş Rusiya sülhməramlı kontingentinin qərargahında keçirilmişdi. Sonradan Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən Qarabağ erməniləri danışıq üçün Bakıya dəvət edilsələr də, onlar bundan imtina etmişdilər.
Mümkündür ki, sülh danışıqlarının intensivləşdiyi indiki vaxtda belə bir görüş neytral ölkənin ərazisində reallaşsın. Bu xəbərin Laçın postu ətrafında son günlər yaradılmış süni gərginlik fonunda yayılması diqqət çəkir.
Tahir Turan
Globalinfo.az