İrəvanda marketdə “dəfn edilən” iki azərbaycanlı – “Bunu görmürlər”

Rusiyalı jurnalist Natalya Aleksandrovna Ermənistandakı marketlərin birindən fotolar paylaşıb. Həmin fotolarda azərbaycanlıların qəbir daşlarının marketin döşəməsində istifadə edildiyi əks olunub. Bu faktı erməni bloger Roman Baqdasaryan da təsdiq edib. Fotolara diqqətlə baxdıqda döşəmədə bir qadın və bir kişinin təsviri aydın görünür. Azərbaycanlıların qəbir daşlarının marketin döşəməsinə vurulması ilə bağlı nə kimi addımlar atıla bilər? Maraqlıdır, bunu beynəlxalq müstəviyə çıxarmaq perspektivi varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, bu, ictimai mənəviyyat əleyhinə cinayətdir:

“Bu günə qədər Ermənistanın aidiyyəti strukturlarının bu prosesi görməzdən gəlməsi həmin cinayətin məhz dövlət tərəfindən həyata keçirildiyini, təcavüzkar ideologiyanın tərkib hissəsi olduğunu deməyə əsas verir. Vətən müharibəsindən sonra biz işğal dövründə həmin ərazilərdəki soydaşlarımıza məxsus qəbirlərin vandalizmə məruz qalması ilə bağlı çoxsaylı halları müşahidə etmişdik. Ermənilər bir qayda olaraq azərbaycanlı qəbirlərini dağıdır, qəbir daşlarını isə talayırdılar. Hətta işğala son qoyduqdan sonra bu ərazilərdə sırf azərbaycanlılara məxsus qəbir daşlarının yenidən işlənməsi ilə məşğul olan bir neçə kiçik “müəssisə” də aşkar edildi. Ermənilər həmin “müəssisələrdə” azərbaycanlılara məxsus qəbirlərdən talanan daşları üzərindən şəkilləri və yazıları silməklə təkrar emal edərək satışa çıxarırdılar”.

Bəhruz Məhərrəmov

Deputatın sözlərinə görə, qəbirləri dağıtmaq, qəbir daşlarını talamaq kimi təhqiredici davranışlar həm Azərbaycan, həm də Ermənistan qanunvericiliyi ilə cinayət hesab edilir:

“Amma maraqlıdır ki, bu günə qədər azərbaycanlılara məxsus qəbirləri dağıtdığına görə heç bir erməni məsuliyyətə cəlb edilməyib. Ermənilərin vandallığı, Ermənistan dövlətinin isə bu prosesdə seyrçi qalıb cinayətlərə dəstək verməsi bəşəriyyət əleyhinə yönələn çirkin aktdır. Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında hazırda beynəlxalq səviyyədə davam edən məhkəmə çəkişmələrində bu fakt diqqətə çatdırılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az