Putinin İrəvan səfəri, Ermənistanın silahlı təxribatları – “erməniləri Rusiya qızışdırır” iddiası

Mövqelərimiz ardıcıl olaraq müxtəlif istiqamətlərdən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Ermənistanın istər sərhəddə, istərsə də rus hərbçilərinin müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsində atəşkəsi pozması halı Rusiya prezidenti Vladimir Putinin İrəvana bu günkü səfəri öncəsi baş verməsi xüsusilə diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, baş verənlər hesablanmış bir planın tərkib hissəsidir:

“Son dövrlər Qarabağda yaşayan erməni terrorçularına Rusiya tərəfindən intensiv şəkildə silah-sursatın göndərilməsi ilə bağlı məlumatlar yayılır. Hətta sonuncu məlumatda Rusiyanın Xəzər dənizi üzərindən İrana, buradan Ermənistana, ordan isə Qarabağa silah-sursat göndərilməsi qeyd olunur. Eyni zamanda, erməni terrorçuların nəzarət etdiyi ərazilərdə mühəndis-istehkam qurğularının qurulması ilə bağlı da məlumat var.

Bunlar onu göstərir ki, artıq Qarabağda yaşayan erməniləri nəinki sülhə hazırlamaq, təkrar müharibəyə hazırlamaq niyyətindədirlər. Rusiyanın dırnaqarası fəaliyyəti nəticəsində artıq yeni bir qarşıdurmanın əsası qoyulur”.

Politoloq vurğulayıb ki, Rusiyanın əsas məqsədi bölgədə sülhün əldə edilməsi deyil, yeni gərginliyin yaradılması və beləliklə, özünün “missiyasının” daha da uzadılmasına hesablanıb:

“Rusiya 2025-ci ildə bölgədən çıxmaq istəmir. Şübhəsiz, Putinin bu səfərində əsas məqsəd Rusiyanın Ermənistana silah satışının təmin edilməsi, Rusiyanın Ermənistanda itirilmiş mövqeyini yenidən bərpa etmək və maksimum dərəcədə sülhdən uzaqlaşdırmaq olacaq.

Nəzərə almalıyıq ki, bir neçə gün öncə Qarabağda rus mərkəzinin açılışı oldu. Deməli, Rusiya bu proseslərin arxasındadır və birbaşa idarə edir Bu gün baş verən istənilən neqativ halın arxasında fakt olaraq Rusiya dayanır”.

Siyasi şərhçi Kənan Novruzov isə bildirib ki, demək olar, hər 2-3 gündən bir ermənilər atəşkəsi pozurlar. Həmçinin sülhməramlıların nəzarət etdikləri ərazidə də provokasiyalar intensivləşib:

“Bu, narahatedici məqamdır. Görünür, rus hərbçiləri işlərinin öhdəsindən gələ bilmirlər. Dəfələrlə dediyimiz kimi, Azərbaycan ordusunun səbri sərhədsiz deyil. Hərbçilərimiz bunu bir neçə dəfə göstəriblər. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyev də demək olar, hər çıxışında İrəvana xəbərdarlıq edir, qarşı tərəfi sabotajlardan çəkinməyə çağırır. Ermənistanın bu çağırışlardan dərs çıxarıb-çıxarmamağı isə öz işidir.

Şərti dövlət sərhədində və sülhməramlıların nəzarət etdiyi ərazilərdə törədilən təxribatları müxtəlif qüvvələr, o cümlədən Ermənistan iqtidarı, daxildəki revanşistlər və üçüncü dövlətlər törədə bilərlər. Lakin bunun bizim üçün elə bir fərqi yoxdur. İstənilən provokasiyaya görə bütün məsuliyyəti rəsmi İrəvan daşıyır. Ermənistan Baş naziri Nikol Paşinyan regional əməkdaşlıqda, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdırsa, onda sabotajların qarşısını bu və ya digər formada almalıdır. Bunu bacarmırsa, hakimiyyətdən getməlidir. Əks halda maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması üçün özümüz addımlar atacağıq. Əvvəllər də bir neçə dəfə etdiyimiz kimi”.

Onun sözlərinə görə, Paşinyan başa düşməlidir ki, provokasiyaların davam etməsi heç də ona “baş ucalığı” gətirmir:

“Əksinə, baş nazirin işi getdikcə daha da çətinləşir. Şansları azalan hökumət rəhbəri tədricən “dalana dirənir”.

İkinci bir tərəfdən, təxribatların davam etməsi rəsmi İrəvanın regionla bağlı zaman-zaman səsləndirdiyi loyal bəyanatların səmimiliyini şübhə altına salır. Paşinyan regional əməkdaşlığın təmin edilməsini istəyirsə, bilməlidir ki, sabotaj cəhdlərinə son verilməlidir. Əks halda, özü öz işini mürəkkəbləşdirmiş olacaq.

Bir sözlə, rəsmi İrəvan “odla oynayır”. Belə gedərsə, növbəti antiterror əməliyyatları qaçılmaz olacaq. Hazırkı geosiyasi reallıq da buna imkan verir. Əgər Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatına başlayarsa, Ermənistan üçün kifayət qədər ağrılı mərhələ başlayacaq”.

Gülnar Səlimova
Globalinfo.az