“Putinin açıqlamaları Ermənistanı qarışdıracaq, Xankəndi isə…”

“Putin Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyinə möhürünü vurdu”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Politoloq Vladimir Putinin Ermənistanla bağlı açıqlamalarının Paşinyan hakimiyyəti üçün nəticələrinə diqqət çəkib:

“Rusiya Prezidenti, Vladivostokda keçirilən Şərq İqtisadi Forumundakı çıxışında vaxtilə Ermənistana əlverişli sülh planı təklif etdiklərini, ancaq Ermənistan rəhbərliyinin bundan imtina etdiyini və müharibəylə hər şeyə nail olmağa çalışdıqlarını, nəticədə də indiki durumla üzləşdiklərini söyləyib.

Elxan Şükürlü

Putin deyib: “Əgər Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, nə danışırıq? Bu, bütün problemlərin əsas komponentidir – Qarabağın statusunu Ermənistan özü müəyyən edib”.
Beləliklə, Paşinyan Ermənistanının 44 günlük Qarabağ savaşındakı məğlubiyyətlərini KTMT-dəki müttəfiqləri Rusiyanın ayağına yazmaq, Ermənistanda anti-Rusiya və anti-Putin meyllərini gücləndirməklə KTMT-dən çıxmaq gedişinə qarşı Putin də öz “Şah!”gedişini etdi. O, erməni əhalisinə təqsiri öz rəhbərliklərində axtarmağı tövsiyə etməklə, faktiki olaraq, Qarabağdakı məğlubiyyətin məsuliyyəti barədə bütün müzakirələri Ermənistanın daxilinə, iç siyasətinə daşıdı. Nəticədə Paşinyanın bundan sonra Rusiyanın moderatorluğu ilə keçiriləcək görüşlərdə sülhdən geri çəkilmək yolunu da bağladı”.

E.Şükürlü Rusiya Prezidentinin açıqlamalarının yaxın zamanlarda Ermənistanın mövcud proseslərdəki mövqeyinə təsirindən söz açıb:

“Böyük ehtimalla, sentyabrın 17-dən etibarən, Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni bir mərhələsi başlayacaq və Putinin açıqlamaları iç savaşın şiddətlənməsində, qarşılıqlı ittihamların dərinləşməsində ən çox istinad edilən fikirlər olacaq.

Eyni zamanda, Putin bu çıxışıyla sonrakı mərhələdə Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllində və Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsində, eləcə də bölgədəki sülhməramlılarının gələcək aqibəti məsələsində Azərbaycan tərəfi ilə razılaşdırılmış mövqe tutacağının da anonsunu vermiş oldu”.

Əliyar Xəlil
Globalinfo.az