Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiyaya qarşı “çirkli bomba” istifadə etməyə hazırlaşdığına dair hər hansı təsdiqlənmiş məlumatın olmadığını deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.
“Şükürlər olsun ki, bizdə Ukraynanın Rusiyaya qarşı “çirkli bomba” istifadə etmək niyyəti ilə bağlı heç bir təsdiq yoxdur. Belə ideyalar kiminsə xəstə təxəyyülündə yarana bilər”, – deyə o bildirib.
Putin əlavə edib ki, əgər bu cür silahdan istifadə olunsa, bu, Kiyev rejimi üçün fəlakətli nəticələrə səbəb ola bilər:
“Bu, biz bu gün Ukrayna ərazisində olan neofaşistlər adlandırdığımız şəxslərin ən böyük və bəlkə də sonuncu səhvi ola bilərdi”.
Qeyd edək ki, “çirkli bomba” adətən radioaktiv maddələr və partlayıcıların birləşməsindən ibarət olan qeyri-ənənəvi silah növüdür. Onun əsas məqsədi geniş ərazini radiasiya ilə çirkləndirməkdir.
Aysel Əliyeva
Globalinfo.az