“Rusiyanın müharibəni bitirmək istədiyini düşünmək üçün heç bir səbəb görmürəm”.
Bu sözləri Globalinfo.az-a danışan Dünya Siyasəti İnstitutunun direktoru, Ukrayna Milli Texniki Universitetinin dosenti Yevgeni Maqda deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun bu mərhələdə dayanmaq niyyəti yoxdur:
“Putinin ritorikasında dayanmaq istəyi görmürəm. O, daim daha iddialı açıqlamalar verir və gərginliyi artırmağa çalışacaq. İstisna etmirəm ki, bu gərginləşmə Qərbin Ukraynaya yardımını kəsmək üçün NATO və Avropa İttifaqına üzv ölkəni hədəfləyən zərbə şəklində olsun”.
Ekspert qeyd edib ki, hazırda mövcud olan PURL (Prioritized Ukraine Requirements List) proqramı vasitəsilə Avropa ölkələri Amerika silahlarını alıb Ukraynaya ötürür:
“Rusiya bu əlaqəni pozmağa çalışacaq. Rusiyanın mövqeyi nə qədər problemli olsa, neft sənayesində nə qədər çox problem yaranarsa, nə qədər çox anbar yanarsa, bir o qədər aqressiv olacaq”.
Yevgeni Maqda
Y. Maqda Ukraynanın Xəzər dənizindəki İran gəmisinə hücumu ilə bağlı fikir bildirib:
“Ukrayna Rusiya nefti daşıyan tankerlərə zərbə endirməklə qanuni hədəflərə hücum edir. Bunu başa düşmək lazımdır. Daha əvvəl Azov dənizində “kölgə donanması”nın yüzdən çox tankeri zədələnmişdi. Bu, normal təcrübədir, çünki Rusiya bu gəmilərə nəzarət edir; buna başqa ad vermək mümkün deyil.
İran xarici işlər naziri cənab Əraqçinin reaksiyasına gəldikdə, düşünürəm ki, o, 2020-ci ildə İranın Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsini vurduğunu və heç bir üzr istəmədiyini, nə də təzminat ödəmədiyini unudub. Rusiya Ukraynaya təcavüz etmək üçün İranın yüz minlərlə “Şahed” dronlarından istifadə edir. Ona görə də İranın açıqlaması yalnız nümayişkaranə xarakter daşıyır”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul