tedbir

Bakıda “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilir.

Globalinfo.az xəbər verir ki, tədbir Asiyanın turizm bazarlarını təmsil edən şirkətlərin nümayəndələri ilə Azərbaycanın turizm sənayesi təmsilçiləri arasında görüşlərə həsr olunub.

Dövlət Turizm Agentliyi, tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycan ilə Asiyanın əsas turizm bazarları arasında əlaqələrin genişləndirilməsi və ölkənin turizm imkanlarının beynəlxalq səyahət peşəkarlarına təqdim edilməsidir.

Sammit çərçivəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50 turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçiriləcək.

Qeyd edək ki, “PATA Hosted Buyers Summit Baku 2026” yerli turizm şirkətlərinin Asiya bazarlarını təmsil edən peşəkarlarla birbaşa əlaqələr qurmasına və Azərbaycan turizm məhsullarının beynəlxalq səyahət proqramlarında təşviqinə xidmət edir.

Ləman İmran
Globalinfo.az

Paylaş: