Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ və Avropa ölkələri Ukraynaya verilən raketlərlə Rusiyanın içərilərinə zərbələr endirilməsinə icazə versə, bu, cavabsız qalmayacaq. Rusiya rəsmiləri yenə “qırmızı xətlərdən” danışırlar.
Putin Rusiya Federasiyasında ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandırarsa, bu addımın Ukrayna müharibəsinə birbaşa təsiri olacaqmı?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Ukrayna müharibə fonunda Rusiyanın “qırmızı xətlərini” çoxdan aşıb:
“Ümumiyyətlə, ortada bir müharibə varsa, “qırmızı xətlərdən” danışmaq əbəsdir. Çünki müharibə sərhəd tanımır və bir ölkənin ərazisini işğal etmək özlüyündə həmin sərhədlərin aşılması deməkdir.
Vaqif Hüseyn
Rusiya uzun müddətdir ki, nüvə silahından istifadə etmək istəyir. Bunu tez-tez təhdid ritorikalarında büruzə verir. Lakin bu o demək deyil ki, nüvə silahından istifadə edəcək. Bu, zəif ehtimaldır. Rusiyanın nüvə silahından istifadəsi faktiki olaraq planetin “qırmızı xətlərinin” pozulmasıdır. Kreml bundan sonra üzləşəcəyi təzyiqlərə hazır deyil.
Rəsmi Moskva hələlik insan resursları hesabına təşəbbüsü əlində saxlaya bilir. Yəni nüvə silahından istifadəyə əsas yoxdur.
O ki qaldı Rusiyanın ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandırmasına, ehtimal ki, bu da növbəti blef, şantajdır. Yəni Kreml yenə öz ampluasındadır”.
Turan Rzayev
Globalinfo.az