Putin Krım körpüsündə maşın sürdü – VİDEO

Rusiya Prezidenti Vladimir Putin oktyabrda baş verən partlayışdan sonra təmir olunan Krım körpüsünə səfər edib.

Globalinfo.az bildirir ki, Putin sözügedən körpüdən sükan arxasında özünün əyləşdiyi avtomobillə keçib.

Rusiya liderinin “Mercedes-Benz” markalı avtomobil idarə etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Bildirilir ki, Putinin idarə etdiyi avtomobil 2006-cı ildən 2013-cü ilə qədər buraxılan “Mercedes-Benz S-class W221” avtomobilidir.

Putini bu səfərdə isə Baş nazirin müavini Marat Xusnullin müşayiət edib.

Mediada yayılan görüntülərdən Putinin səfər boyu Xusnullinə körpüdə aparılan təmir işləri barədə suallar verdiyini görmək mümkündür.

Xatırladaq ki, Krım körpüsündə partlayış oktyabrın 8-i səhər saatlarında baş verib. Partlayış zamanı 4 nəfər ölüb. Hadisədən sonra körpü üzərində hərəkət məhdudlaşdırılıb.