Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Globalinfo.az yeni icra başçısının dosyesini təqdim edir.
C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Evlidir, iki övladı var.