“Prezident tapşırıq verdi – Xocalıda hazırlıq başladı”

Ötən ilə qədər Xocalı soyqırımı faciəsi Xətai rayonu ərazisində yerləşən “Ana harayı” abidəsinin önündə yad edilirdi. Buna səbəb isə Xocalı rayonunun Ermənistan tərəfindən işğal edilməsi, daha sonra isə sülhməramlıların müvəqqəti məsuliyyəti zonasında olması idi. Hazırda Xocalıda suverenliyimiz tam bərpa edilib.

32 ildən sonra azad edilən Xocalıda anım tədbiri keçiriləcəkmi?

Ümumiyyətlə, hadisənin baş verdiyi ərazidə soyqırım qurbanlarının xatirəsinə abidə ucaldılacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan əslən Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, bu illər ərzində Xocalı soyqırımı hər zaman bütün respublika ərazisində anılıb.

Onun sözlərinə görə, Xocalı işğalda olduğu üçün soyqırıma həsr olunan “Ana harayı” abidəsi Xətai rayonunda ucaldılıb:

Elman Məmmədov

“Təbii ki, həmin abidə hər zaman ziyarət olunacaq. Artıq Xocalı rayonu tamamilə işğaldan azaddır. Hazırda bizlərin öz ata-baba yurdumuza qayıtmamız üçün orada sürətli quruculuq işləri davam etdirilir. Çox güman ki, hamımız da olmasaq, bir qrup Xocalı sakini 26 fevral tarixində gedib öz yurdumuzda şəhidlərimizi anacağıq”.

Deputat deyib ki, soyqırımın qurbanlarına həsr olunmuş abidə yaxın vaxtlarda Xocalıda da ucaldılacaq:

“Ölkə başçısı abidənin ucaldılması ilə bağlı tapşırıqlar verib. Həmin abidə elə Xocalı rayonunun özündə, şəhərə girişdə, Bayraq Meydanına yaxın ərazidə ucaldılacaq, hətta artıq işlər də görülür”.

Xətai rayon İcra Hakimiyyətindən həmişəki kimi, bu il də “Ana harayı” abidəsinin önündə anım tədbiri təşkil ediləcəyi bildirilib:

“Əslində, bununla bağlı hazırlıq işləri başlanılıb. Belə ki, ərazi bir daha nəzərdən keçirilib, o cümlədən işıqlandırma sistemi, yaşıl örtük, dekorativ ağac, gül kolları, mövsümü güllər və s. sifariş edilib”.

Zaira Akifqızı
Globalinfo.az