ABŞ-ın Venezuelaya hərbi müdaxiləsi ehtimalları fonunda ölkənin hava məkanını bağlaması narahatlığı artırıb. Mövcud gərginliyin Venezuelada partizan müharibəsi ilə nəticələnə biləcəyinə dair fikirlər səsləndirilir.
Prezident Nikolas Maduronun ABŞ lideri Donald Trampla telefon danışığının sakit keçdiyi deyilsə də, vəziyyətin sabitləşməsi üçün hər hansı razılığın əldə edilmədiyi qeyd olunur. Analitiklərin fikrincə, Ağ Evin əsas məqsədi Maduro hakimiyyətini devirməkdir. Lakin Venezuela lideri yalnız 18 ay sonra vəzifə səlahiyyətlərini təhvil verə biləcəyini açıqlayıb.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Venezuela prezidentini istefaya məcbur etmək üçün təzyiqləri artırır:
“Venezuela Çin və Rusiya ilə sıx əməkdaşlıq edir. ABŞ-ın strateji planında isə Pekin və Moskvanın regiondan çıxması hədəflənir. Ağ Ev həmçinin Venezuelada hakimiyyətə nəzarəti də ələ almaq istəyir. Madura səlahiyyətlərini təhvil verməyə hazırdır. Bunu 18 ay sonra edə biləcəyini açıqlayıb. Amma, Vaşinqton onu tez bir zamanda getməyə təhrik edir.

Məhəmməd Əsədullazadə
Əgər, Madura getməsə, ölkədə ABŞ-ın hərbi əməliyyatlar keçirməsi mümkündür. O cümlədən, partizan müharibəsi ehtimalı da real görünür. Lakin hücum olarsa, Maduro gedəcək, ordu isə döyüşməyəcək. Çünki, orduda da narazı qruplar var. Partizan müharibəsi hazırkı müasir texnologiyaların qarşısında effektli deyil. Ona görə də, Venezuela hakimiyyəti üçün geri sayım başlayır”.
Turan Rzayev
Globalinfo.az