Praqada Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi – FOTO / VİDEO

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Lidiçe və Xocalı – qətliam qurbanları” adlı tədbir keçirilib.

Praqanın mərkəzində yerləşən Prezident oteldə baş tutan tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir Adış Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini və çoxlu sayda mülki şəxsi, əsasən uşaq və qadınları qətlə yetirdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açaraq, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini bildirib və bütün bu hadisələrin XX əsrdə beynəlxalq hüququn və beynəlxalq institutların artıq təsbit olunduğu bir vaxtda baş verməsinin təəssüf doğurduğunu qeyd edib. A.Məmmədov tarixdə baş vermiş bir sıra qətliamları, o cümlədən faşist Almaniyası tərəfindən 1942-ci ildə Çexiyanın Lidiçe şəhərindəki qətliamı törədənlərin beynəlxalq məhkəmələr qarşısına çıxarılaraq layiqli cəzalarını almalarına baxmayaraq, Xocalı qətliamı ilə bağlı hələ də beynəlxalq hüquqi qiymətin verilmədiyini diqqətə çatdırıb.

Ardınca A.Məmmədov bütün bunlara baxmayaraq, dünyanın bir sıra ölkələrinin parlamenti tərəfindən Xocalı qətliamına siyasi qiymətin verildiyini, bu xüsusda Çex Respublikasının Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən də 2013-ci ildə Xocalı qətliamını pisləyən müvafiq qətnamənin qəbul edildiyini bildirib və buna görə Çexiya Parlamentinə təşəkkürünü ifadə edib.

Tədbir səfirlik tərəfindən Vyanadan dəvət olunmuş beynəlxalq musiqi müsabiqələrinin qalibi Jalə Rəsulova (piano) və Aleksandra Tirsunun (skripka) ifasında konsert proqramı ilə davam edib. Tədbirdə həmçinin Xocalı soyqırımını əks etdirən qısa sənədli film nümayiş etdirilib və Azərbaycan Yazıçılar Birliyinin üzvləri Leyla Begim və Yefim Abramovun Xocalı qətliamına həsr olunmuş “Qara qar çiçəkləri” adlı pyesi çex aktyorlar tərəfindən səhnələşdirilib. Tədbir çərçivəsində səfirlik tərəfindən çex və ingilis dillərində nəşr olunmuş Xocalı qətliamına dair bukletlərin nüsxələri tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə həmçinin Türkiyədəki zəlzələ qurbanları ilə bağlı qardaş ölkənin səfirliyinə başsağlığı verilib.

Türkiyənin Çex Respublikasındakı səfirinin müavini Banu Malaman Azərbaycana zəlzələ zamanı göstərdiyi həmrəyliyə görə təşəkkür edib, Xocalı soyqırımının ildönümü ilə əlaqədar baş sağlığı verib.

Ayxan Abbaslı
Globalinfo.az
Praga