Poqosyan: “Paşinyan qərar verib, Ermənistan təslim olur”

“Nikol Paşinyan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərə bilmir. Bu səbəbdən də son təslim aktına imza atmaq qərarına gəlib”.

Globalinfo.az xəbər verir ki, bu barədə konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyan erməni mediasına müsahibəsində fikir səsləndirib.

O bildirib ki, Paşinyan təslim aktını imzalamaq üçün konstitusiyaya dəyişiklik etməyə hazırlaşır. Çünki mövcud konstitusiya bu yolda onun üçün əngəl yaradır:

“Konstitusiyanın birinci bəndi Paşinyanın məqsədlərinin həyata keçirilməsinə maneə törədir. Söhbət “Artsax” və “erməni soyqırımı” kimi “milli məqsədləri” özündə ehtiva edən Müstəqillik Bəyannaməsindən gedir. O, həmçinin erməni kimliyinin qorunub saxlanmasında müstəsna rol oynayan 18-ci maddəni ləğv etməyə çalışacaq”, – deyə Poqosyan vurğulayıb.

“Paşinyan ayrı-ayrı müddəaların dəyişdirilməsi yolunu tutmadı. Çünki bu halda Konstitusiya Məhkəməsindən rəy almaqda problemlər yarana bilərdi. Əgər bütün konstitusiya dəyişdirilərsə, belə bir rəyə ehtiyac olmayacaq. Ancaq nəzərdə tutulan dəyişikliklər baş versə, Ermənistan rəqabətədavamlı olmayacaq, əksinə, tamamilə asılı dövlətə çevriləcək”, – deyə Poqosyan bildirib.

Ekspert Paşinyan hakimiyyətinin parlamentdə çoxluğa malik olduğunu xatırladıb:

“Ona görə də referendumda səs verərkən bütün ümidlər erməni xalqına olacaq. Onlar başa düşməlidirlər ki, bir nəfərin öz hakimiyyətini qorumaq naminə ölkəni qurban verməsinə göz yummaq olmaz. Hər halda Paşinyan bütün nəzərdə tutulan dəyişiklikləri bu il həyata keçirməyə çalışacaq”, – deyə erməni ekspert fikirlərini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az