Polşada partlayan raketlərin əks-sədası – Varşava Baydenin mövqeyindən narazı qalıb

Rusiya və Polşa (NATO) arasında yaranan gərginlik sönmüş kimi görünür. ABŞ prezidenti Cozef Baydeninin raketin Rusiya ərazisindən atılması ehtimalının aşağı olmasını bildirdikdən sonra mövzunun gündəmdən düşəcəyini hər kəs anlayır.

Lakin o da var ki, bəzi ölkələr, o cümlədən, Polşa hakimiyyəti Baydenin mövqeyini bölüşmür kimi görünür. Baxmayaraq ki, Polşa hökuməti bəyan edib ki, raketin ruslara məxsus olması ilə bağlı yetərli qədər dəlil yoxdur. Lakin bununla belə polyaklar artıq Varşavadakı rus səfirini XİN-ə dəvət edib, izahat istəyiblər.

Rusların isə mövqeyi bəllidir: Rusiya Müdafiə Nazirliyi elan edib ki, Polşa ərazisinə düşən raket Ukrayna ordusuna məxsus S-300 Hava Hücumundan Müdafiə Sistemindən atılıb.

Xatırladaq ki, naməlum istiqamətdən buraxılmış raket Polşa ərazisinə – Ukrayna ilə sərhəddən 8 kilometr içəriyə Lyublyana vilayətinin Pşevodov kəndi ərazisinə düşüb. Məlumata görə, raketlər taxıl qurutma maşınlarına düşüb və iki nəfərin ölümünə səbəb olub. Bu hadisə Rusiya ordusunun Ukraynanın nəqliyyat və enerji infrastrukturunu ağır raket və artilleriya atəşinə tutduğu zaman baş verib.

Hadisədən dərhal sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Hətta mediada bir neçə saat ərzində NATO-nun üzv ölkələrin müdafiəsi öhdəliyini nəzərdə tutan 5-ci maddənin gündəmə gələcəyi ilə bağlı şərh və bəyanlar yayılsa da, sonradan bu versiya gündəmdən düşüb. Səhər isə Baydenin məlum açıqlaması və Alyansa üzv ölkələrin iclasının keçiriləcəyi elan olunub.

Bir qədər əvvəl isə İspaniya xarici işlər naziri polşalı həmkarına müraciət edərək sakitləşməyə dəvət edib. Başqa sözlə, indi Qərb alyansının bir qismi vəziyyətin daha da dramatikləşməsini istəmir. Lakin eyni zamanda məsələnin üzərinə gedilməsini istəyən ölkələr də var.

Əlbəttə, Polşanın mövqeyi aydındır. Rusiya ilə qonşu olan Polşa Moskvaya qarşı sərt addımlar atılması, Rusiya hakimiyyətinin NATO-nun sərt tədbirləri ilə üzləşməsinin tərəfdarıdır. Burda həm də Ukrayna müharibəsinin də rolu var. Polşa hökuməti hesab edir ki, Ukrayna müharibəsinə səbəb olan Rusiya raket və bombardmanlara görə cəzalanlmalıdır. Lakin Qərbi Avropa və digər NATO ölkələri heç də Şərqi Avropa, eləcə də Polşa hakimiyyəti kimi düşünmür. Son hadisələr bunu açıq şəkildə göstərdi.

Məsələnin daha bir maraqlı tərəfi ondan ibarətdir ki, bu gün, yəni Rusiyanın Ukrayna, o cümlədən Kiyevi bombalamasının davam etdiyi bir vaxtda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Kiyevdə prezident Vladimir Zelenski ilə görüşüb.

“Vaşinqton Post” qəzeti yazır ki, Börns Zelenskidən başqa Ukrayna kəşfiyyatının nümayəndələri ilə görüş keçirib və ABŞ-ın Rusiyaya nüvə silahından istifadə etməmək xəbərdarlığını müzakirə edib.

Ancaq MKİ-nin rəhbərinin prezident Zelenski ilə hansı məsələləri müzakirə etdiyi anlaşılmır. Əlbəttə, aydın məsələdir ki, Börns bombaların altında Kiyevə ABŞ-ın Rusiyaya nüvə silahının istifadə xəbərdarlığını çatdırmaq üçün gəlməyib.

Məlum olduğu kimi, U.Börns dünən Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə danışıqlar aparıb. Bu danışıqlarla bağlı müxtəlif versiyalar olsa da, bir çoxlarına görə, görüşün əsas mövzularından biri ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin taleyi olub. Daha dəqiqi, ABŞ və Rusiya Ukraynada müharibənin dayandırılıb, sülh danışıqlarının başlamasını müzakirə edirlər. Məlum olduğu kimi, gizli ABŞ-Rusiya danışıqları barədə bundan əvvəl də məlumat verilib. Danışıqların Vatikanın vasitəçiliyi ilə keçirildiyi iddia olunur. Hazırda bu danışıqların hansı nəticəni verdiyi, müharibənin taleyinin necə olacağı məlum deyil. Ancaq məlumdur ki, ABŞ kəşfiyyatının rəhbəri Sergey Narışkinlə görüşdən dərhal sonra Kiyevə gedib Zelenski ilə görüşürsə, bu o deməkdir ki, danışıqların əsas mövzusu Ukrayna müharibəsidir və gedişatla bağlı Vaşinqton Kiyevlə məsləhətləşməyə ehtiyac duyur.

Lakin Ankara görüşündən dərhal sonra Rusiyanın Ukraynanın özü də qərb rayonlarını şiddətli bombalaması onu göstərir ki, danışıqlarla bağlı vəziyyət sabit və rəvan deyil. Bombardman isə rusların təşəbbüsü ələ almaq, Ukrayna ordusunun hücumunu dayandırmaq məqsədinə xidmət edə bilər.

Lakin bütün hallarda Baydenin Polşaya raket düşməsinə olduqca soyuqqanlı reaksiyası onu göstərir ki, Vaşinqton indi münasibətlərin daha da gərilməsini istəmir. Lakin raketin Polşa ərazisinə düşməsi və bu hadisənin dərhal NATO-nun münaqişəyə qoşulacağı kimi dramatikləşdirilməsi cəhdi onu göstərir ki, mümkün sülh danışıqları ehtimalı heç də hamını qane etmir. Aydın məsələdir ki, ilk növbədə Şərqi Avropa dövlətləri – Polşa və Baltikyanı respublikaları. Bu mənada Polşada olduğu kimi, “yanlış mərmilərin” və ya kimyəvi silah atılması kimi gözlənilməz hadisələrin baş verməsi ehtimalı yüksəkdir. Eyni zamanda görünən odur ki, Ukrayna hakimiyyəti və ordu komandanlığı içərisində Rusiya ilə danışıqlara münasibət birmənalı deyil. Bəzi qüvvələr sülh prosesinin tərəfdarı olsalar da, bir çoxları müharibənin bütün işğal olunmuş ərazilər azad olunana qədər davam etdirilməsi fikrini müdafiə edir. Bu isə o deməkdir ki, Rusiya ilə danışıqlar məsələsi Ukraynada hakimiyyət içərisində dərin çata, hətta böhrana səbəb ola bilər.

Kənan RÖVŞƏNOĞLU,

Globalinfo.az