“Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.
Globalinfo.az bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq:
“Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yanına göndərmişik. Səfirlik üzərinə düşən hər şeyi edir”.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.
Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
X X X
Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamillə təmasda olduqlarını qeyd edib: “Domodedovo” hava limanında Kamil Zeynallının saxlanılması bizə məlum olan kimi, Azərbaycanın Rusiyadakı Səfirliyinin konsulunu, eləcə də onun müavinini polis bölməsinə göndərdim. Onlar, həmçinin vəkilimiz Kamillə artıq görüşüb və onunla daim təmasdadırlar”.
Onun sözlərinə görə, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb:
“O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. Moskva vaxtı ilə təqribən gecə saat 3-də onunla şəxsən telefonla danışdım və Səfirliyin artıq onun məsələsi ilə məşğul olduğu barədə məlumatlandırdım. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.