Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdən istədiyi nəticəni ala bilməyən Ermənistan Baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə yollanıb.
N.Paşinyan səfər çərçivəsində ilk olaraq prezident İbrahim Rəisi ilə görüşəcək. Görüşdən sonra İran və Ermənistan arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması, Rəisi və Paşinyanın birgə mətbuat konfransı gözlənilir.
Xatırladaq ki, Ermənistanın baş nazirinin İ.Rəisi ilə bərabər, digər İran rəsmiləri ilə də görüşü nəzərdə tutulub.
Maraqlıdır, N.Paşinyanı Soçi görüşündən dərhal sonra İrana aparan səbəb nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, N.Paşinyanın İrana səfəri öncədən planlaşdırılıb:
Tofiq Abbasov: “Ermənistan çalışır ki, “Şimal Cənub” nəqliyyat dəhlizi İrandan sonra onun ərazisindən keçsin”
“Buna baxmayaraq, onun Soçi görüşündən bir gün sonra İrana səfər etməsi əlbəttə ki, təsadüf ola bilməz. Hesab edirəm, Paşinyanın İrana səfəri ilə bağlı əsas aktual sual budur: O, İrandan nə umur və gözləntisi nədir?
Açıq danışmaq lazımdır ki, rəsmi İrəvan hazırda elə vəziyyətdədir ki, onun etibarlı tərəfdaşı yoxdur. Bunun da əsas günahkarı yenə Ermənistanın özüdür. Belə ki, Ermənistan 44 günlük müharibədə məğlub olmasına baxmayaraq hələ də ipə-sapa yatmır.
Misal üçün, bu gün Qərbə inteqrasiya edən Ermənistan daxilində KTMT-dən çıxma təklifləri səslənir. Hətta konkret maraq qrupları var ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə regionda əl-qolunun açılacağını düşünür. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan məğlub olsa da revanşizmdən əl çəkmir.
Hesab edirəm Paşinyanın İrana səfəri həm də revanşizm siyasətindən irəli gəlir”.
T.Abbasov qeyd edib ki, Ermənistan ilə İran qonşu ölkələrdir və əslində iki ölkə arasında münasibətlərin qurulması normal qarşılana bilərdi:
“Biz məsələyə neytral mövqedən yanaşsaq, bunun təbii olduğunu görə bilərik. Lakin təəssüf ki, bu iki ölkənin münasibətləri hazırda rəsmi Bakıya yönəlib və biz buna laqeyd qala bilmirik.
Ermənistan hazırda çalışır ki, “Şimal Cənub” nəqliyyat dəhlizi İrandan sonra onun ərazisindən keçsin. Məhz bunun üçün Paşinyan bu gün İranda rəsmi səfərdədir. Lakin bu layihənin Ermənistan ərazisindən keçməsi mümkün deyil.
Məsələ ondadır ki, Ermənistan infrastruktur və logistik olaraq bu layihəyə hazır deyil. Ermənistanın yolları bərbad durumdadır. Digər tərəfdən, bu ölkədə coğrafi olaraq dağlıq ərazilər üstünlük təşkil edir və dağ yollarının infrastrukturu standartların çox altındadır.
Düzdür, İran tunellərin ərsəyə gəlməsində Ermənistana yardım edə bilər, lakin bütün bunların hamısı üçün lazım olan maliyyə nə Ermənistanda var, nə də İranda”.
Politoloqun sözlərinə görə, Ermənistandan fərqli olaraq Azərbaycanda dolğun və təkmil nəqliyyat yolları var:
“Rəsmi Bakı regionda və dünyada faktiki olaraq nəqliyyat xabı olaraq bilinir. Ermənistan hazırda imkanları olmasa da, Azərbaycan ilə rəqabət aparmaq istəyir”.
Turan Rzayev, Globalinfo.az