Paşinyanın müharibə xəbərdarlığı – Baş nazir xalqına mesaj verdi

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, müharibə ehtimalı realdır. O, “Sülh müqaviləsi imzalanmadıqca və parlamentlər tərəfindən ratifikasiya edilmədikcə Azərbaycanla müharibə kifayət qədər realdır” bildirib. Bəzi ekspertlər hesab edir ki, bu açıqlama əslində Ermənistan cəmiyyətinə verilən mesajdır. Paşinyanın dedikləri həm də o mənaya gəlir ki, müharibə başlasa Ermənistan dəhşətli ssenari ilə üzləşə bilər.

Maraqlıdır, erməni cəmiyyəti Azərbaycanla toqquşmaqda maraqlıdırmı? Yeni müharibəyə hazırdırmı?

Sülhəddin Əkbər

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, erməni cəmiyyəti Azərbaycanla toqquşmaqda maraqlı deyil:

“Məsələ ondadır ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı ciddi itkilər ilə üzləşdi. Erməni cəmiyyəti bu gün də dəhşətli müharibənin fəsadlarını aradan qaldıra bilmir. Qarşımızda müharibə istəyən bir cəmiyyət olsa idi məğlub kapitulyasiya aktına imza atan Nikol Paşinyana seçkilərdə səs verib hakimiyyətdə qalmasını istəməzdi.

Digər tərəfdən, bu gün Ermənistanda 5-ci kolon, habelə, separatçı ultramilliyyətçi, revanşist qüvvələr çox aktivdir. Lakin erməni cəmiyyəti daha bu şəxslərə inanmır. Onların aksiyalarında iştirak etmir. Bu mənada deyə bilərəm ki, erməni cəmiyyəti müharibə istəmir”.

Turan Rzayev
Globalinfo.az