Ermənistanın ərazi oyununun sirri – Bu yüksəklikləri qaytarmaq istəyir

Azərbaycanla Ermənistan arasında sülhlə bağlı müzakirələrdə gündəmə gələn məsələlərdən biri də ərazi mübadiləsidir. Xüsusən anklav və eksklavların qarışılıqlı şəkildə mübadilə edilməsi haqqında fikirlər zaman-zaman səsləndirilir. İrəvanda hakim olan fikirlərdən biri də budur ki, Baş nazir Nikol Paşinyan məhz ərazi mübadiləsini həyata keçirə bilmək üçün ölkə konstitusiyasını dəyişdirməyə çalışır. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Ermənistan 8 kəndimizi işğal altında saxlayır:

“Rəsmi İrəvan isə buna əks cavab kimi iddia edir ki, Azərbaycan guya Ermənistanın 32 kəndini işğal edib. Halbuki burada kənd işğalından söhbət gedə bilməz, sadəcə, Azərbaycan sərhəddə bəzi yüksəkliklər üzərində nəzarəti əlində saxlayır.

Nikol Paşinyan müsahibələrində 8 kəndin müqabilində Azərbaycanın da Ermənistana qaytarmalı olduğu anklavlar haqqında danışmışdı. “Ərazi mübadiləsi” deyildikdə də bu anklavlar məsələsi nəzərdə tutulub. Lakin reallıq budur ki, anklav olmayan kəndlərdən 4-ü qeyd-şərtsiz rəsmi Bakıya qaytarılmalıdır. Digər anklav hesab olunan 4 kənd ətrafında isə xüsusi komissiya yaradılmalı və müzakirələr davam etdirilməlidir”.

Politoloq Ermənistan konstitusiyasında dəyişikliklərin zəruri olduğunu düşünür:

“Bu konstitusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasında böyük təhdiddir. Çünki Ermənistan konstitusiyasında, milli atributlarında digər ölkələrin ərazilərinə qarşı açıq-aşkar iddialar var. Konstitusiya Ermənistanın 1990-cı il müstəqillik bəyannaməsinə əsaslanır. Həmin bəyannamədə açıq şəkildə yazılıb ki, Ermənistanın məqsədi Qarabağı Ermənistana birləşdirməkdir.

Ermənistanın gerbində Ağrı dağının təsviri var. Həmin dağ isə Türkiyənin ərazisidir. Deməli, rəsmi İrəvanın həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları var. Buna görə də yeni konstitusiyanın qəbulu zəruridir, lakin bu da müəyyən vaxt tələb edən məsələdir”.

Safura Bənnayeva
Globalinfo.az