Paşinyanın “Azərbaycan nəzarət edir” dediyi erməni kəndləri – XƏRİTƏ

“Azərbaycan ordusu Qafan rayonunun Nerkin-Hand kəndinə 3 tərəfdən nəzarət edir”.

Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin keçmiş deputatı Arman Tatoyan bu iddia ilə çıxış edib.

O, sadəcə bir kənd deyil, Qafan istiqamətində əsas strateji nöqtələrin Azərbaycan tərəfinin nəzarətində olduğunu bildirib:

“Onlar təkcə Nerkin-Handın 2 700 hektar ərazisinə nəzarət edirlər. Kənd 3 tərəfdən Azərbaycan hərbçiləri ilə əhatə olunub. Hər istiqamətdə iki mövqeləri var. Kənddə gün ərzində yaşananları görürlər və sakit şəraitdə yaxından izləyirlər”.

Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan 31 erməni yaşayış məntəqəsinə Azərbaycanın nəzarət etdiyinə dair iddia səsləndirmişdi.

“Sputnik Ermənistan” iddiada nəzərdə tutulan yaşayış məntəqələrinin hansılar olduğuna aydınlıq gətirilməsi üçün Ermənistanın Baş nazir ofisinə sorğu ünvanlayıb və cavaba əsasən xəritə tərtib edib.

Xəritədə əslində Nikol Paşinyanın sərhədboyu ərazilərdə yerləşən və mübahisəli hesab edilən, həmçinin Ermənistan ordusunun Azərbaycan tərəfini tez-tez atəşə tutduğu mövqelərin yerləşdiyi məntəqələr olduğu üzə çıxıb.

Xəritədə Naxçıvan Muxtar Respublikası tərəfdən Ararat vilayəti, Azərbaycanın qərb rayonları ilə sərhəddə yerləşən Sünik (Zəngəzur -red.), tarixi Dərələyəz mahalı ərazisində yerləşən Vayots Dzor, Qazaxla sərhəddə yerləşən Tavuş, tarixi Göyçə mahalını əhatə edən Geqakurnik vilayətlərinin ərazisində Azərbaycan ordusunun mövqeləri olduğu göstərilib.

Ümumilikdə Azərbaycan ordusunun Ermənistanla sərhəddə 170 kvadrat kilomter əraziyə nəzarət etdiyi iddia olunur.

Ayşən Mustafa
Globalinfo.az