irevan esas

Bir qədər əvvəl Ermənistan İstintaq Komitəsi ölkədə hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqladı. Məsələ ilə bağlı 3 nəfərin saxlanıldığı, 4-nün isə axtarışa verildiyi bildirilib.

Komitənin məlumatına görə, saxlanılan qrup üzvləri Rusiyanın Rostov şəhərində yerləşən “Arbat” bazasında təlim keçiblər. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinə yaxın olan mətbuat orqanları çevriliş planının Rusiyada hazırlandığını və tapşırığın Kremldən verildiyini vurğulayırlar.

Paralel olaraq “Vətən üçün Tavuş” hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyanın İrəvanda yenidən aktivləşməsi diqqət çəkir.

Baqratın aksiyaları fonunda çevriliş cəhdinin olması nədən xəbər verir? İddia edildiyi kimi, bütün bunlar Moskvanın planıdır?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Rusiyanın Ermənistanda çevriliş planlarının olduğu sirr deyil:

“Lakin taktikanın dəyişdiyi məqamı da gözardı edilməməlidir. 44 günlük müharibədən sonra Moskvanın İrəvanda siyasi müxalifəti gücləndirərək, hakimiyyətə qarşı çıxarmaq cəhdləri oldu. Lakin birləşən müxalifət nəinki hakimiyyəti ələ keçirmək, heç daxili təzyiq effekti də yarada bilmədi. Sonrakı müddətdə Rusiyanın fərqli taktika izləyəcəyi gözlənilən idi.

Asif0nerimanli 3 900x600 1
Asif Nərimanlı

Əslində bu, klassik rus siyasətidir. Əvvəlcə daha leqal görünən yollarla addım atılır, nəticə əldə edilməsə, qeyri-leqal yollar işə düşür. İstisna deyil ki, Rusiyada Paşinyanın hərbi, yaxud küçə üsyanı ilə devrilməsi planları mövcuddur. Ermənilərdən ibarət yaradılan “Arbat” qruplaşmasının hədəfi bu ola bilər. Lakin İrəvanda həbs edilənlərin bu qruplaşma ilə bağlantısının olduğu, yaxud Rusiyanın çevriliş planını icra etməsi ehtimalı azdır. Bu, daha çox Ermənistan hakimiyyətinin önləyici addımlar atması, ictimai rəyi yönlədirməsidir. Bir daşla bir neçə hədəfi vururlar. Bir tərəfdən, ölkədə hakimiyyətə problemlər yaradan şəxsləri həbs edirlər, digər tərəfdən, “Arbat”la bağlı öz maraqlarına uyğun rəy formalaşdırırlar. Həmçinin Rusiyaya da “hər şey nəzarətimizdədir” mesajını verirlər”.

A.Nərimanlının sözlərinə görə, Rusiyanın cari dövrdə Paşinyanı devirmək planı aktual deyil:

“Təkcə ona görə yox ki, Moskvanın resursları tükənir, həm də hazırda Ermənistanda baş verə biləcək dəyişikliklərin regional müstəvidə yarada biləcəyi böhran ruslara sərfəli görünmür. Moskva daha çox Paşinyana, xüsusilə Rusiyanın mövqelərinə qarşı siyasətinə korrektlər etməsi üçün siyasi təzyiq qruplarının, yaxud rıçaqlarının əldə olunmasına çalışır. Keşiş Baqratın hərəkatında da bu elementlər mövcuddur, amma birbaşa Moskva ilə bağlı deyil. Hərəkat əsasən erməni diasporu və kilsəsinin planıdır, Rusiya isə alternativ qüvvə kimi onlara bu və ya digər formada dəstək verir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: