
“Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda məhkəməyə çıxarılan “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın müdafiəsinə qalxa bilər, amma bunu etmir”.
Globalinfo.az xəbər verir ki, bunu “RİA Novosti”yə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının üzvü Eva Merkaçova deyib.
Onun sözlərinə görə, Paşinyan Vardanyanın azadlığa buraxılması üçün addım atmaqdan qəsdən yayınır:
“Bu gün Ermənistan hakimiyyəti öz vətəndaşlarını qorumaq üçün heç bir səy göstərmir. Bakıda məhkəməyə çıxarılan şəxslərlə bağlı hər hansı praktik addım atılmır. Paşinyanın açıqlamalarından belə qənaətə gəlmək olar ki, Vardanyanın müdafiəsi üçün hərəkətə keçməyəcək, fikrini dəyişsə belə, bunu insanların taleyinə görə narahat olması səbəbindən etməyəcək. İrəvan hökumətinin hazırda həmin şəxslərlə bağlı davranış və qərarları bir növ siyasi rəqabətdən irəli gəlir”.
Qeyd edək ki, Nikol Paşinyan bir neçə gün öncə Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda istintaq təcridxanasında saxlanılan ermənilərə psixatrop maddələrin verildiyinə dair gülünc iddialar səsləndirib. Paşinyanın bir ildən çox müddətdə susub onlarla bağlı heç bir şey danışmamasından sonra belə bir iddia ortaya atması xüsusi diqqət çəkib.
Xatırladaq ki, Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham edilən Ruben Vardanyan, Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan və digərlərinin məhkəmə prosesi davam edir.
Ayşən Mustafa
Globalinfo.az