Paşinyan separatçılarla bağlı hərəkətə keçdi: Şahramanyan və 22 “deputat”la bağlı plan

Separatçılar artıq bir neçə gündür qondarma rejimin buraxılması ilə bağlı sənədin ləğv edildiyini, “artsax”ın mövcudluğunu davam etdirəcəyini deyirlər.

Keçmiş qondarma rejimin “artsaxın ləğvi ilə bağlı sənəd keçərsizdir” deməsi İrəvan hakimiyyəti və tərəfdarlaının sərt reaksiyasına səbəb olub. Artıq qondarma rejimin “prezidenti” Samvel Şahramanyan və Qarabağdan Ermənistana köçərək burada şəbəkələşməyə çalışan 22 “deputat”a qarşı ciddi kampaniya başladılıb. Hökumət səviyyəsində sözügedən dəstənin zərəsizləşdirilməsi üçün çağırışlar edilir. Lakin digər tərəfdən Şahramanyan və tərəfdarları beynəlxalq arenada “artsax”la bağlı məsələ qaldıra biləcəklərinə dair iddialar səsləndirilər.

Şahramanyanın açıqlamalarından sonra Bakıya qarşı ikili münasibət sərgiləyən dairələr hər hansı addım ata bilərlərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov Qarabağdan İrəvana köçən separatçıların məqsədlərinin mövcud reallığa uyğun gəlmədiyini deyib:

İlyas Hüseynov

“Separatçılar sentyabrın 19-da keçirilən antiterror əməliyyatından sonra qondarma rejimin “buraxılması” haqqında sənəd imzaladılar. Buna əsasən 2024-cü il yanvarın 1-nə kimi rejimlə bağlı hər şey bitməli idi. Separatçıların sonuncu rəhbəri Samvel Şahramanyanın imzaladığı sənədi ləğv etməsi, hansısa yeni qurumun yaradılması, kənar dəstəkçilərin axtarılması, müəyyən bir güc mərkəzinə ümid etməsi kimi amillər heç bir nəticə verməyəcək. Hazırda reallıq tamamilə fərqlidir.

Separatçıların sənəd oyunu, bir saxta qərarı digəri ilə dəyişmə cəhdləri nəticəsiz qalacaq. Burada Azərbaycan xalqının, dövlətinin, Prezident İlham Əliyevin güclü siyasi iradəsi mövcuddur. Hər kəs reallıqları qəbul etməlidir”.

Politoloq Şahramanyan və dəstəsinə Ermənistan daxilində cavab verilməli olduğunu bildirib:

“Ümumiyyətlə Samvel Şahramanyan və tərəfdarlarının fikirlərinə önəm verən yoxdur. Baş nazir Nikol Paşinyanın komandasında olan deputatlar özləri Şahramanyanı tənqid atəşinə tutdular. Elə Ermənistan daxilində separatçı meyllərə son qoyulmalıdır. Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyən şəxslər onun Qarabağla bağlı əsassız fikirlərinə tutarlı cavab verməlidirlər. Əks halda regionda revanşist qüvvələr güclənə bilər. Keçmiş qondarma rejimin “prezidenti” təsirli bir fiqur olmasa da, regionda sülh istəməyən qüvvələrin ondan istifadə etməyə çalışması mümkündür. Bu isə təhlükəli ssenarilərin yaranması ilə nəticələnər”.

Ayşən Mustafa
Globalinfo.az