756693199841009

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində Ermənistan nümayəndə heyətinin tədbirdə fiziki iştirak etməməsi məsələsinə toxunub. Onun sözlərinə görə, bu, birliyin daxilindəki problemlərlə əlaqəli ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

“Ermənistan niyə belə mövqe tutdu? Görünür, ittifaq daxilində hər şey qaydasında deyil, bu reallıqdan qaçmaq olmaz. Əgər nəsə baş verirsə, buna yalnız bir tərəfi günahlandırmaq düzgün deyil”, – deyə Lukaşenko bildirib.

Dövlət başçısı Aİİ-nin strateji hədəflərinin icrasında da gecikmələrin olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ilə qədər yerinə yetirilməli olan 18 əsas strateji maddə hələ də icrasız qalır.

“Bu məsələlərə dərindən yanaşmaq istəyi yoxdur, amma özümüzü buna məcbur etməliyik. Əgər yerimizdə saymağa davam etsək, bizi ötüb keçəcəklər. İttifaq maksimal dərəcədə cəlbedici olmalıdır”, – deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, 26 iyun tarixində Minskdə Aİİ sammiti başlayıb. Tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadır Japarov da iştirak edir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə tədbirə videobağlantı ilə qatılıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: