pasinyan nilo

Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı açıqlaması hakimiyyət daxilində ciddi narahatlıq yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, hakimiyyət nümayəndələrinin çoxu yeni seçkilərdən sonra ən azı dörd-beş il vəzifələrində qalacaqlarını və rahat işləyəcəklərini düşünürdülər:

“Lakin Paşinyanın açıqlaması vəziyyətin istənilən an dəyişə biləcəyini və hakimiyyətdə təmsil olunanların siyasi gələcəyinin düşündükləri qədər təminatlı olmadığını göstərib.

Məlumata əsasən, hakimiyyət daxilində ən azı üç müxtəlif qrupda müzakirələr kifayət qədər gərgin keçib. Hakimiyyət nümayəndələri onları nələrin gözlədiyini, Paşinyanın hansı addımları ata biləcəyini və yeni seçki prosesinə hazırlaşmağın lazım olub-olmadığını anlamağa çalışıblar.

Vəziyyəti daha da mürəkkəbləşdirən məqam isə Paşinyanın, hakimiyyət daxilindəki bəzi şəxslərin fikrincə, kifayət qədər kəskin qərar verərək, hətta komandasının bir hissəsi belə buna hazır olmadığı halda növbədənkənar parlament seçkilərinə gedə bilməsidir”, – deyə qeyd edilib.

Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 22-də keçirdiyi brifinqdə yeni Konstitusiyanın layihəsinin yaxın vaxtlarda dərc olunacağını, müzakirələrdən sonra parlamentə təqdim ediləcəyini bildirib. O, müxalifəti Konstitusiya dəyişikliklərinin vacibliyinə inandırmağa çalışacaqlarını, bunun mümkün olmayacağı təqdirdə isə növbədənkənar parlament seçkiləri variantını nəzərdən keçirəcəklərini deyib.

Paşinyan, həmçinin, Ermənistanın yeni Konstitusiyanın qəbul edilməsi və Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı öhdəliyini yerinə yetirməli olduğunu vurğulayıb. O bildirib ki, erməni xalqı bu vədlərin həyata keçirilməsini dəstəkləməsə, siyasi missiyasının başa çatdığı qənaətinə gələ bilər.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: