Parlament yeni qanun layihələrini təsdiq etdi

“Formula 1” yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.

Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

X X X

Milli Məclis siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair sənədi I oxunuşda təsdiqləyib.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

Layihədə qeyd edilib ki, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Hazırda isə aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdır.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

X X X

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Globalinfo.az bildirir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq. Sığorta haqları üzrə yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşəcək.

Növbəti ildə Fondun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.

Cari il ilə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 4 milyon manat, yaxud 26,6 %, peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərclərinin 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur.

2024-cü ildə də özünüməşğulluq layihəsi davam etdiriləcək və bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6.000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Beləliklə özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq.

X X X

Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Globalinfo.az bildirir ki, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.

X X X

Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Globalinfo.az bildirir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Layihədə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.

X X X

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.

Globalinfo.az bildirir ki, sənədi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur.

Fondun gəlirlərinin 5 milyard 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 10,5%, yaxud 504,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.

Komitə sədri qeyd edib ki, orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq.

2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manat proqnozlaşdırılır və bu 2023-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 75,8 milyon manat və ya 5,2% azdır.

Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlı qeyd edib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6 milyard 681 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 6 milyard 500 milyon manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür.

Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır. Cari və növbəti illərdə əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.