Ermənistanda maye qazın Azərbaycan ərazisi ilə tədarükü imkanları dəyərləndirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan deyib.
O bildirib ki, ölkədə yaranan maye qaz qıtlığı yaxın günlərdə aradan qalxacaq. Papoyanın sözlərinə görə, problemin əsas səbəbləri İranda baş verən hadisələr və Rusiya–Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsindəki sıxlıqdır.
Nazir qeyd edib ki, keçid artıq açılıb və son günlər ölkəyə maye qaz daşıyan avtomobillərin sayı artıb. O hesab edir ki, ən geci sabaha qədər bazarda kifayət qədər qaz olacaq və qiymətlər nəzərəçarpacaq dərəcədə enəcək.
Papoyan əlavə edib ki, maye qazın Azərbaycan ərazisi ilə dəmir yolu vasitəsilə daşınması üçün Cənubi Qafqaz Dəmir Yolu tərəfindən iri investisiyalar həyata keçirilir. Bu proses həm siyasi razılaşma, həm də ciddi texniki hazırlıq tələb edir.
Qeyd edək ki, həftənin əvvəlindən Ermənistanda bir çox yanacaqdoldurma məntəqələrində maye qaz çatışmazlığı müşahidə olunur və bu da yanacaq qiymətlərinin artmasına səbəb olub.
Əliyar Xəlil