Pakistanda ara qarışdı: Polis Xanın iqamətgahına girdi, toqquşma yaşandı

Pakistan polisi keçmiş baş nazir İmran Xanın Lahor şəhərindəki iqamətgahına daxil olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Məlumata görə, polislərin iqamətgaha daxil olmasına Xanın tərəfdarları böyük müqavimət göstərib. Polisə müxtəlif yandırıcı maddələr, eləcə də daş atılıb. İqamətgaha daxil olduqdan sonra isə Xanın tərəfdarlarını qovmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Bundan sonra isə onların təqibinə start verilib.

Pakistan Ali Məhkəməsi dünən Xanın həbsi haqqında orderi ləğv edərək, onun İslamabad məhkəməsinə gəlməsi üçün möhlət verib. Bu gün Xan məhkəməyə getmək qərarı verib, amma İslamabadda olan zaman Lahordakı iqamətgahına hücum olub. Bundan sonra videomüraciət ünvanlayan keçmiş baş nazir hakimiyyətin onu həbs etmək istədiyini açıqlayıb.

Qeyd edək ki, İmran Xan keçən ilin aprelində vəzifəsindən uzaqlaşdırılıb. O, vəzifəsindən göndərilməsinin hazırkı baş nazir Şahbaz Şəriflə ABŞ-nin planının nəticəsi olduğunu söyləyib. Şərif administrasiyası isə bu iddianı rədd edib.

Keçmiş baş nazir rüşvət almaqda suçlansa da o, ittihamların heç birini qəbul etmir.

İlkin Həsənov
Globalinfo.az