ovannisyan

“Kommunikasiyaların açılması məsələsində Ermənistan özünü incimiş yeniyetmə kimi aparır”.

Globalinfo.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan deyib.

O bildirib ki, Ermənistan beynəlxalq arenada təbliğ etməyə çalışacağı və bununla da müttəfiqlər qazanacağı addımlar atmır.

“Müharibədən sonra məsələləri müstəqil və özümüzə uyğun şəkildə həll etmək üçün gücümüz və imkanımız yoxdur. Amma Azərbaycanda bu resurslar mövcuddur. Ona görə də, indi maksimum mümkün kompromisləri və qırmızı xəttimizi hesablamalıyıq, tərəfdarlar tapmağa çalışmalıyıq. Amma biz bunu etmirik. Əksinə özümüzü incimiş bir yeniyetmə kimi aparırıq, hamıdan uzaqlaşırıq. Nəticədə bölgədə partlayıcı vəziyyət yaranıb, buna görə isə biz özümüz günahkarıq”, – deyə Ovannisyan bildirib.

O əlavə edib ki, müharibədən əvvəl Ermənistan aqressiv və dağıdıcı ritorika sərgiləyib.

“Biz indi də eyni şeyi edirik. Elə bir vəziyyət yaranacaq ki, ölkələr və regionun əsas oyunçuları bu problemi bizsiz həll edəcəklər. Madam ki, bu kiçik ölkə (Ermənistan – red) öz dağıdıcı davranışları ilə reallığı dərk etmir, o zaman bizi nəzərə almadan bu problemi həll edəcəklər. Ermənistanın heç kəsi maraqlandırmayan “Dünyanın kəsişməsi” layihəsi Paşinyanı pis vəziyyətə qoydu. Çünki ən azı iki böyük ölkə, Azərbaycan və Rusiya ondan imtina etdi”, – deyə Ovannisyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: