Özünü ekstrasens kimi təqdim edən Qəmərxanım Cəfərova bir qadına oğlunu Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldəcəyini və evindəki mənfi enerjini təmizləyəcəyini vəd edərək 21 800 manatlıq zərər vurmaqda ittiham olunub. Xətai Rayon Məhkəməsində işə baxılarkən zərərçəkmiş şəxs pulunun geri qaytarıldığını və tərəflərin barışdığını bildirib. Məhkəmə amnistiya qərarını tətbiq edərək Cəfərovanı cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verib.
Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov vətəndaşlara tövsiyə edib ki, qeyri-rəsmi və qeyri-dəqiq məlumatlara, verilən vədlərə inanmasınlar:
“Biz həm müraciət edən vətəndaşlarla söhbətlərimizdə, həm müxtəlif verilişlərə dəvət olunanda, həm də sizin vasitənizlə ictimaiyyətə müraciət edərkən bu çağırışı edirik. Təəssüf ki, təcrübədə belə hallara tez-tez rast gəlinir. Hətta ali təhsilli, müəyyən həyat və iş təcrübəsi olan şəxslərin belə dələduzluq əməllərinin qurbanına çevrildiyini, onların etibarından sui-istifadə edildiyinin şahidi oluruq.
İnsanlar bəzən özləri də fərqində olmadan bu cür halların baş verməsinə şərait yaradırlar. Ona görə də hər hansı hüquqi münasibətə daxil olmazdan əvvəl qarşı tərəfin kim olduğunu, nə təklif etdiyini və bu təklifin qarşılığında nə tələb olunduğunu diqqətlə araşdırmaq daha məqsədəuyğundur. Belə hallar istintaq və məhkəmə orqanları üçün də əlavə iş yükü yaradır. Buna görə də vətəndaşlar öz hüquqlarını qorumağa çalışmalı, etibarlarından sui-istifadə edilməsinə imkan verməməlidirlər”.
Zaira Akifqızı
Globalinfo.az