Osmanlıya xəyanətin ağrılı sonu – 100 il öncə nələr yaşandı?

“Yəhudi ocağı”nın yaradılması ilə bağlı 1917-ci il Balfur Bəyannaməsi ingilislər və Haşimilər arasında əldə edilmiş 1915-ci il razılaşmalarına zidd idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Məkkənin başçısı Osmanlı İmperiyasına qarşı mübarizədə Antanta tərəfində iştirak etmək və hər cür dəstək göstərmək müqabilində Suriyanın və Livanın sahilyanı əraziləri istisna edilməklə, Fələstinin də daxil olduğu Osmanlının tərkibindəki ərəb torpaqlarını öz hakimiyyəti altına almalı idi:

“1916-cı ildə Haşimi qoşunları Məkkə və Mədinədəki qarnizonlar istisna olmaqla, bütün Hicazı Osmanlılardan ala bildilər. 1917-ci ildə İordaniyanın cənubunda Əqəbəni işğal etdilər və 1918-ci ilin sentyabrında Meqqido döyüşü zamanı Osmanlı qoşunlarına hücum edərək ingilislərlə birlikdə Dəməşqə daxil oldular.

Lakin sonrakı mərhələlərdə bu müqavilələr ingilislər tərəfindən pozuldu: 1923-cü ildə Suriya və Livan üzərində Fransa mandatı, Fələstin və Trans-İordaniya üzərində isə İngiltərə mandatı təsis edildi. 1920-ci ilə qədər Britaniya hökumət sənədlərində Fələstinin Haşimilərin hakimiyyəti altında ərəb ərazisinin bir hissəsi olması yazılırdı, bu yanaşma 1920-ci ildə dəyişdi, ərəblərlə ingilislər arasında fikir ayrılıqlarına səbəb oldu. Yəni 1920-ci ildən sonra Fələstin də “Suriyanın… qərbindəki hissəsi” kimi şərh olunmağa başladı. Bu baxımdan Hüseyn 1919-cu il Versal Sülh Müqaviləsini ratifikasiya etməkdən imtina etdi və İngiltərənin 1921-ci ildə mandat sistemini tanıyan müqavilə imzalamaq təklifinə cavab olaraq bəyan etdi ki, “Fələstini sionistlərə, Suriyanı isə xaricilərə həvalə edən sənədə öz imzasını atmayacaq”.

Lakin ingilislər Hüseynin iki oğluna Trans-İordaniya və İraqda təbii olaraq Britaniyanın protektoratı altında əmirlik verərək ərəb hərəkatını parçalaya bildilər. Bu “mükafat”ın müqabilində Hüseynin övladları Fələstin və Suriya uğrunda gedən mübarizədə atalarına kömək etməkdən imtina etdilər.

Vüqar Zifəroğlu

Şərif Hüseyn özünü xəlifə elan etdikdən sonra isə Nəcd hökmdarı Əbdül-Əziz ibn Səud 1924-cü ildə Hicaza hücum edir, ingilislər onu tam dəstəkləyirlər. Az sonra Hüseyn bütün dünyəvi hakimiyyəti oğlu Əliyə təhvil vermək məcburiyyətində qalır, o isə Məkkə və Mədinəni itirərək Ciddəyə çəkilir, bir ilə yaxın onun müdafiəsini təşkil edir.

1925-ci ilin oktyabrında İbn Səud İngiltərə nümayəndəsi ilə müqavilə bağlayır və Britaniya hökuməti Hicazın Nəcd tərəfindən ilhaqını tanıyır. 22 dekabr 1925-ci ildə Ciddə təslim olur və Kral Əli ailəsi ilə birlikdə İraqa yola düşərək Hicazı tərk edir”.

Turan Rzayev
Globalinfo.az