“Ölüm mələyi”nə çevrilən toy karvanları – Polis qadağan edə bilərmi?

toy karvani

Zaman-zaman ölkədə toyların yasa çevirildiyinin şahidi oluruq. Buna səbəb isə toy karvanı zamanı bəzi sürücülərin sürət həddini aşması, əks istiqamətə çıxması olur.

Sentybarın 24-də Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza bir daha bunu sübut edir. Bununla bağlı müxtəlif cəzalar, eləcə də cərimələr tətbiq olunsa da, sürücülər bunları nəzərə almaq istəmir. Nəticədə başqalarının “ölüm mələyini”nə çevirilirlər.

Toy karvanları ilə bağlı hansısa sərt tədbirlər görülə bilərmi?

Nəqliyyat eksperti Rövşən Həsənov Globalinfo.az-a deyib ki, yol polisi toy karvanına nəzarət etmək üçün işçi qüvvə ayıra bilməz.

Onun fikrincə, qəzaların qarşısı mütləq bir yolla alınmalıdır:

rovsen hesenov

Rövşən Həsənov

“Qəzaların əsas səbəbi sürət həddinin aşılmasıdır. Dünən Biləsuvar ərazisində baş verən qəza xəbərini mən də gördüm. Sürət həddi ilə bağlı kifayət qədər qadağalar, cərimələr var. Hətta səs siqnalından istifadə etmək də qadağan olunub. Bundan artıq nəsə etmək mümkün deyil. Sadəcə, ötmə əməliyyatı, sürət həddini aşmaq qəzaya səbəb olur və nəticədə bir neçə şəxsin həyatına son qoyulur”.
Ekspert deyib ki, toy karvanlarını ləğv etmək də doğru olmaz:

“Elimizin toy kimi bir adəti var. Ola bilər başqa ölkələrdə dəbdəbəli toylar keçirilmir. Amma bizim dəyərlərimiz başqadır. Hər kəs istəyir ki, toyu yaddaqalan, gözəl keçsin. Ona görə də, karvanı qadağan etmək normal olmaz. Mövcud qadağalardan artıq nəsə tərtib etmək mümkün deyil. Həm də bu, sürücülərin hüququnu tapdalamış olacaq. Fikrimcə, təbliğatlar aparılmalıdır ki, bu kimi hallar müşahidə edilməsin”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də toy mərasimləri zamanı avtoxuliqanlıq edən sürücülərə xəbərdarlıq edib:

“Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.

Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm dəyər verdiyimiz insanların ən xoş günlərinin xöşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”.

Zaira Akifqızı
Globalinfo.az