Ölkələrin razılığı ilə “Fit for Life” sənədi qəbul olundu

“Düşünürəm, idman aləmi üçün böyük bir forum oldu. Demək olar, bütün ölkələrin razılığı ilə “Fit for Life” sənədi qəbul olundu”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı – MINEPS VII-nin yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

O, bütün onaqlara təşəkkür edib:

“4 gün iclaslar davam etdi. Çox maraqlı idi. Sonuncu gündə bir çox məsələlər müzakirə olundu. Maraqlı qonaqlarımız var idi. Yekun Bakı Sənədi qəbul olundu. Bakıda olan bütün qonaqlarımıza təşəkkür edirəm. Çox uzaq ölkələrdən gələnlər oldu. Hər biri foruma töhfə verdilər”.

Nazir “Fit for Life” Alyansına son düzəlişlərin edildiyini və artıq Azərbaycanda tətbiqinə başlanacağını söyləyib:

“Bütün ölkələrin iştirakı ilə qəbul olunan sənəddir. Bu sənəd bir ildir, müzakirə olunurdu. Bütün nümayəndə heyətləri öncədən almışdılar. Burada son düzəlişlər işlənilirdi. Bununla bağlı qrup var idi. Biz artıq UEFA ilə birgə Mingəçevirdə bir layihənin həyata keçirilməsinə başlamışıq. Bu “Fit for Life” layihəsi çərçivəsindədir”.

F.Qayıbov nazirlərin görüşünün daha tez-tez olmasının vacibliyini vurğulayıb:

“Sessiyanın sonunda YUNESKO katibliyinə bir az təzyiq göstərmək istədik ki, iclaslar daha sıx olsun. Konfrans çox maraqlı oldu. Təcrübələrimizi bölüşdük. Amma yenidən 7 il gözləmək çoxdur. O vaxta qədər nazirlər də dəyişmiş olar. Hər il, ən azı iki ildən bir keçirilməlidir. Avropalı nazirlərlə görüşürük, amma uzaq ölkələrdən olanlarla bu, çətindir”.