Obrayenin “907-ci düzəliş” mesajı: ABŞ-ın Azərbaycana nə işi düşüb?

“ABŞ Konqresi 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına başlanıldığı bir zaman kəsiyində, Azadlığı Müdafiə Aktına düzəliş edərək (“907-ci düzəliş”) ABŞ-ın hər hansı formada rəsmi Bakıya birbaşa yardımı qadağan edib”. 

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Bakıda “907-ci düzəliş”in ləğvi məsələsini dilə gətirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib:

“ABŞ prezidentləri bu səlahiyyətdən istifadə etsələr də düzəlişin ləğv edilməsi istiqamətində səy göstərməyiblər və bu da “907-ci düzəliş”in təzyiq vasitəsi olduğunu nümayiş etdirir. ABŞ-Azərbaycan münasibətlərində bu sənəd önəmli rol oynamasa da bütün hallarda Vaşinqtonun ölkəmizə olan münasibətini nümayiş etdirir və düzəlişin ləğv edilməməsi istənilən halda etimadlı münasibətlərin formalaşmasına maneə yaradır.

Ceyms Obrayen qeyd edir ki, ABŞ-la Azərbaycan arasında “907-ci düzəliş”in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur. Təbii ki, bunu heç kim inkar etmir. O zaman belə bir sual çıxır ortalığa: əgər Azərbaycanla təhlükəsizlik və əməkdaşlıq sahələrindəki münasibətlər “907-ci düzəliş”in maneə ola bilməyəcəyi qədər möhkəmdirsə, o zaman bu düzəlişin ləğvinə nə üçün səy göstərilmir? Bu düzəliş hansı gün, yaxud məqam üçün saxlanılır?

Azadlığı Müdafiə Aktına 907-ci düzəliş açıqlama, yaxud bəyanat deyil ki, bir müddətdən sonra unudulub getsin. Bu, hüquqi-normativ aktın bir hissəsidir və istər-istəməz qarşılıqlı münasibətlərin etimadlılıq dərəcəsinə təsir etməklə yanaşı, bəzi qüvvələrin sui-istifadəsinə də yol açır. Bu baxımdan, əgər ABŞ həqiqətən də Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasında maraqlıdırsa, o zaman Azərbaycan torpaqlarının işğalına dəstək xarakteri daşıyan “907-ci düzəliş” ləğv edilməlidir”.

Turan Rzayev 

Globalinfo.az