“Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik etməliyik ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilsinlər. Bu, artıq texniki məsələ deyil, insanların qışda donması məsələsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, bir çox yerdə qaz borusu evin düz yanından keçir:
“Amma evin sənədi tam olmadığı üçün qaz verilmir. Qaz göz qabağındadır, evin içi isə buz kimi. Bu nə məntiqdir? Boru varsa, qaz varsa, niyə evdə istilik yoxdur?
Biz vətəndaşa deyirik: “Sənədin yoxdur, gözlə”. Yaxşı, o adam bu vaxtadək necə yaşasın? Qışa deyək ki, bir az gözlə? Uşağa deyək ki, üşümə? Yaşlı adama deyək ki, soyuqda döz? Bu, real həyatdan qopmuş yanaşmadır.
Alternativ də qalmayıb. Yulğun kəsən, ağac kəsən cinayət məsuliyyətinə düşür. Həyətindən yarım metr kənarda bitən, pay torpağında bitən ağacı da kəsəndə üzərinə elə şığıyırlar ki, elə bil adam öldürüb. Sonra da deyirlər ki, torpağın var, sənə sosial yardım düşmür. Bu qədər də olmaz axı. Odun tədarükünə icazə yoxdur. Kömür əl yandıracaq qədər bahadır.
Ona görə də təkliflərim var:
1) İcra hakimiyyətinin arayışı qaz çəkilməsi üçün hüquqi əsas sayılsın. İnsan evində yaşayırsa, sənədinə görə onu soyuqda saxlamaq ədalətsizlikdir.
2) Qaz olmayan yerlərdə dövlət odun-kömür təminatını ya təşkil etsin, ya da nəzarətli tədarükə icazə versin.
İnsanları iki seçim arasında qoymaq olmaz: ya don, ya da qanunu poz”.
Safura Bənnayeva
Globalinfo.az