“Nuru Paşa komandanlığında Türk-İslam Ordusu təkcə Bakını xilas etmədi” – Tənzilə Rüstəmxanlı

Globalinfo.az Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı ilə müsahibəni təqdim edir.

– Qarabağ ətrafında gedən proseslər özünün pik nöqtəsinə çatıb. Hər an müharibənin başlayacağı gözləntisi var. Paraleldə humanitar prosesə də şahidlik edirik. Məsələn, sentyabr ayının 12-də Azərbaycanın təklif etdiyi marşrutla Rusiya humanitar yük avtomobili Xankəndiyə yola salındı.

– Bilirsiniz, əslində, ermənilər tərəfdən bu məsələyə müxtəlif baxış bucaqları ola bilər. Çünki onlar zamanında Qarabağda azərbaycanlıların başına gətirdikləri müsibətləri indi öz başlarına gəlirmiş kimi qələmə verməyə çalışırlar. Ermənilər dünyanı özlərinə inandırmaq üçün hər cür yalanı, iftiranı, “blokada”, “aclıq” uydurmalarını bir obraz olaraq yaradırlar. Bu da ermənilərin hər zaman gördüyü işdir. Amma Rusiyadan gələn nəqliyyatın Ağdam-Xankəndi yolundan keçməsindən, Azərbaycan dövlət qanunlarına və sərhədlərinə hörmət etməyə məcbur edilməsindən gözəl nə ola bilərdi?! Bu yalnız Rusiyaya qarşı deyil, bütün dövlətlərə qarşı belədir.

– Ermənilər başqa dövlətin ərazisinə qeyri-qanuni girə bilməzlər. Amma Azərbaycandan bunu tələb edirlər. Deyirlər, Laçın postundan keçməklə humanitar yük karvanı Xankəndiyə getsin.

– Onlar sadəcə Azərbaycana qarşı bu mövqedədirlər. İllərlə torpaqlarımızı işğal etdilər, bir kimsə səsini çıxarmadı. Günah bu şəraiti ermənilərə yaradanlardadır! Həmin “dövlətlər” Azərbaycanın işğal altında olan torpaqlarına gəlib Bakıdan keçib getməkdənsə, İrəvandan gedirdilər. Ermənilər də buna çox öyrəşmişdilər. Ona görə də, onların yaydıqları böhtanlar, yalanlar ermənilərə aldanmaq, inanmaq istəyənlər üçün lazımdır. Dünyanın zərrə qədər ağlı, ədaləti olsa idi illərlə ermənilərin uydurduğu yalanları qəbul etməzdi. Amma həmin ölkələr ermənilərin yaşadıqları yerlərdə nə qədər acı hisslər buraxdıqlarını, nə qədər qətliamlar törətdiklərini görüb, bundan dərs almalı idilər əslində.

– Bunu necə edəcəkdilər?

–  Mən demirəm ki, bir xalqı yox etmək lazımdır, ən azından erməniləri bu xislətindən əl çəkməyə məcbur edə bilərdilər. Cənubi Qafqazda bizim hansı xalqla problemimiz var? Burda problem tək ermənilərlədir. Bunu da özləri yaradıblar.

– Ermənilər üç qonşu dövlətə – Azərbaycana, Gürcüstana və Türkiyəyə torpaq iddiası irəli sürüblər…

– Bəli, bu elə-belə problem deyil, torpaq iddiaları var. Təsəvvür edin ki, dünyanın aparıcı gücləri illərdir onları işğalçılıq siyasətindən, qonşulara torpaq iddialarından əl çəkdirə bilmirlər. Əksinə, bəzi ölkələr bu işdə ermənilərə gizli-aşkar dəstək verirlər.

– Tənzilə xanım, yəqin ki, sosial şəbəkələrdə ermənilərin itlərin boğazına partlayıcı quraşdırmasından xəbərdarsınız. Beynəlxalq ictimaiyyət buna niyə susdu?

– Mən o şəkli hörmətli Hikmət Hacıyevin paylaşımında gördüm və diqqətimi çəkdi. Deməli, ermənilər itin boğazına partlayıcı qurğu bağlayıb onu azərbaycanlıların dayandığı məntəqələrə göndərirlər ki, uzaqdan partlatsınlar. Bu foto neçə gündür yayılır, amma reaksiya yoxdur. Harda qaldı Avropadakı heyvansevərlər dərnəklərinin üzvləri? Niyə səslərini çıxarmırlar? Heyvanlara qarşı bu cür amansız davranışı tənqid edən bir təşkilat oldumu?

Avropanı bizə sevdirən önəmli cəhətlərdən biri onun hüququn aliliyinə, insan haqlarına, söz azadlığına – bütövlükdə demokratiyaya önəm verməsidir. Bəlkə də Avropa bilərəkdən, ya bilməyərəkdən sırf Ermənistanın və ermənilərin xoşuna gəlsin deyə artıq bizim simpatiyamızı itirməkdədir.

– Son üç ildə Türkiyə və Azərbaycanın daha da yaxınlaşması, ittifaq qurmaları, strateji müttəfiq olmaları regionda status-kvonu dəyişib. Bu birlik hətta Qərbin təşəbbüslərini ciddi şəkildə üstələyib.

– Bu gün baş verən bu möhtəşəm sürəci 10 il öncə təsəvvür edə bilərdikmi? Bunlar yalnız arzu, istək kateqoriyasında idi. Türkiyə və Azərbaycan bayraqları bu gün hər masada yanaşı durur. O vaxtlar az sayda insanın iş otağında bu iki bayraq qoşa dayanardı. Xəyal edə bilməzdik ki, bir gün Türkiyə ilə Azərbaycan birlikdə böyük qüvvələrə qarşı Qarabağ zəfərini qazanacaqlar və bu zəfər Türk dünyasının üzərinə Günəş kimi doğacaq. Bir zamanlar xəyal belə edə bilmədiklərimiz bu gün gerçəyə çevrilir. Mənim ağlıma da gəlməzdi ki, ömrünü türk düşmənçiliyinə həsr edənlər gün gələr Türkiyə-Azərbaycan əlaqələrindən, qardaşlığından danışarlar. Türkiyə Azərbaycana həm dəstək oldu, həm tarixi ədalətin bərpa edilməsində ciddi rol oynadı. Səlçukluda da, Osmanlı dövlətində də hara gediblərsə, ora ilk növbədə haqq və ədalət aparıblar. Ona görə də Türkiyə-Azərbaycan qardaşlığı çox önəmlidir.

– 1918-ci ildə Türk-İslam ordusunun Qafqazlara gəlişi bu bölgədə daha böyük qətliamların qarşısını aldı. 2020-ci ildə də Türkiyə-Azərbaycan müttəfiqliyi Qarabağda, eləcə də Cənubi Qafqazda daha çox qanın axmasını dayandırdı.

– Sentyabrın 15-i Bakının qurtuluş günüdür. Nuru Paşanın komandanlığında Türk-İslam Ordusunun Azərbaycana gəlişinin, Bakını, bütövlükdə Azərbaycanı daşnak-bolşevik istilasından, işğalından xilas etməsinin 105-ci ili tamam olur. Bəzən onunla bağlı çox yanlış ifadələr səsləndirilir. Bu cür danışanların əksəriyyəti rusiyapərəstlərdir. Hətta Türk-İslam Ordusunu işğalçı kimi qələmə verənlər də olub. Özlərinə sual versinlər – niyə Türkiyə gəlib bizim ölkəni işğal etsin axı? Bunlar yalnız tarixi bilməzlikdən irəli gəlmir. Həm də qərəzdən doğur. Türk düşmənçiliyinin ortaya çıxardığı acı gerçəklikdir.

– Sizcə, Türk-İslam Ordusu Azərbaycana gəlməsəydi, nələr ola bilərdi?

– Əgər 1918-ci ildə Nuru Paşanın komandanlığında Türk-İslam Ordusu gəlməsəydi, Qafqazda bir türk-müsəlman qalmazdı. Məqsəd də o idi ki, Qafqazı müsəlmanlardan, türklərdən təmizləsinlər. Həmin dövrdə Bakı nefti ciddi diqqət çəkmişdi. İri iqtisadi maqnatlar artıq Bakı neftinin qoxusunu almışdılar. Həm də bu səbəbdən soyqırım törədib, Bakını nefti ilə birgə ələ keçirmək istəyirdilər. Bunun qarşısını aldığı üçün ömür boyu Nuru Paşaya minnətdar olmalıyıq.

Dünyada ikinci millət, qonşu dövlət yoxdur, gəlib Azərbaycan üçün savaşıb, şəhid versin. Yeganə ölkə Türkiyədir ki, bizim üçün şəhid verib. Bu, bizim önəmli tariximizdir. Kimsə bunu qaralamağa çalışmasın. Nə qədər Azərbaycan türkü var, bu tarix yaşayacaq, kimsə bu qardaşlığa kölgə sala bilməyəcək. Çünki bizi sadəcə tariximiz, qan bağımız yox, acılarımız və qismətimiz, ortaq şəhidlərimiz bağlayır.

Çanaqqala savaşında Əhməd Cavad və silahdaşları gedib orada qardaşlarımız üçün döyüşüblər. Bunun eynisi 1918-ci ildə Bakıda yaşandı. Tarix türklərin xeyrinə çalışır! Bu birliyə imza atan iki lider – Azərbaycanın dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya qardaşlıq nümunəsi göstərdilər.

Azər Ayxan,
Zaira Akifqızı
Globalinfo.az