Bəydəmirlinin saxlanılma səbəbi: Gədəbəy işi, yoxsa..?

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin keçmiş üzvü, iş adamı Nazim Məmmədov (Bəydəmirli) saxlanılıb. Onun hazırda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində şübhəli şəxs qismində saxlanıldığı bildirilir. Bu barədə ilk xəbəri vəkil Aqil Layıc verib.

Globalinfo.az xəbər verir ki, sabiq deputatın həbsi ilə bağlı sosial mediada müzakirələr gedir. Bəzi tanınmış şəxslər paylaşımlar ediblər.

Nazim Məmmədovun rəsmi şəkildə ittihamı payçısı olduğu şirkətdən pul tələb etmək olsa da, dostları bildirir ki, onu Söyüdlü hadisələrinə görə saxlayıblar.

“Toplum TV”nin rəhbəri Xədicə İsmayıl bu haqda Feysbuk hesabında paylaşım edib:

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi daha bir absurda imza atır. Səhmdarı payçısı olduğu şirkətdən pul tələb etməkdə günahlandırır. Güya bu absurd ittiham Nazim Bəydəmirlinin Gədəbəy hadisələriylə bağlı mövqeyinə görə tutulduğunu ört-basdır edəcək”.

Nazim Bəydəmirli öz Feysbuk səhifəsində hadisə barədə status paylaşıb:

“Gəlmişəm el arasında “banditizm” deyilən MCMBİ-nə ki, “ədaləti” (həm hərfi, həm də məcazi mənada) tapım…burada tapmasam, elə birbaşa gələcəm DİN-in əsas binasında axtarmağa…”

Globalinfo.az xatırladır ki, N.Bəydəmirli bir müddət öncə Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etirazlarını təşkil etməkdə ittiham olunurdu. Bu haqda bəzi  media orqanlarında yazılar gedib. Onun AXCP-nin maliyyələşməsində rolunun olduğu da deyilir.

Globalinfo.az