Naxçıvanla bağlı açıq qalan suallar – Nə baş verəcək?

Prezident İlham Əliyevin Fuad Vahid oğlu Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin etməsi ictimaiyyətdə maraqla qarşılanıb və müxtəlif müzakirələrin başlamasına səbəb olub. Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun 27 ildən sonra vəzifəsindən istefa verməsi fonunda bu təyinat diqqət çəkir.

Maraqlıdır, Naxçıvanla bağlı daha hansı proseslər gözlənilir? Xüsusən muxtariyyətin ləğvi və ya idarəetmədə dəyişiklik mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən millət vəkili Fazil Mustafa deyib ki, Naxçıvan Muxtar Respublikasına Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi yenilikdir:

“Prezidentin səlahiyyətli nümayəndəsinə hansı səlahiyyətlərin verildiyi hələ ki bəlli deyil. Naxçıvanda bundan sonra hansı siyasətin izləniləcəyini və ya hansı dəyişikliklərin olacağını indidən demək çətindir.

Hesab edirəm, bir az gözləmək lazımdır. Məsələ ondadır ki, Naxçıvanda Ali Məclis fəaliyyət göstərir. Ali Məclis hansısa səlahiyyətli şəxsə tabe ola bilməz. Digər tərəfdən, Naxçıvanda baş nazir vəzifəsi də var ki, ölkə Konstitusiyasına uyğun olaraq, onu da Prezident təyin edir.

Göründüyü kimi, bir çox suallar var ki, onların cavabı zamanla veriləcək. Hələlik isə gözləmək lazımdır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvanda ciddi islahatların getdiyini demək olar”.

Turan Rzayev
Globalinfo.az