NATO ilə Bakı arasında nə baş verir? – Qərbin qlobal yumruğunun Azərbaycan planları

Milli Məclisin deputatları – ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər. Fevralın 16-da Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirak etməsi də bəzi suallar yaradır.

Azərbaycan Qərblə münasibətləri düzəldirmi? Xüsusilə AŞPA ilə vəziyyət müsbətə doğru dəyişəcəkmi? Münhen görüşləri nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, mən Azərbaycanla Qərbin münasibətlərini iki kateqoriyaya bölərdim:

“Birincisi, gərgin Azərbaycan-Qərb əlaqələri;

İkincisi isə böyük bir gündəliyi əhatə edən, konstruktivliyə, təhlükəsizlik modelinə əsaslanan Azərbaycan-Qərb münasibətləri;

İncə bir məqam var, məsələn, Azərbaycanın Qərbin AŞPA, Avropa Parlamenti ilə münasibətləri gərilərkən, Qərbi qlobal hərbi qüdrətdə təmsil edən NATO-dan Bakıya qarşı bəyanat səslənmədi.

Deməli, Azərbaycan-Qərb əlaqələrində NATO amili fərqli səma altındadır. Buradan çıxış etsək, demək mümkündür ki, Qərbdəki başqalarının Bakıya qarşı demarş cəhdi elə NATO-nun özünün də maraqlarına zidd kimi görünür.

Azərbaycan-NATO əlaqələrinin 25 ili tamam olub

Çünki NATO həm coğrafi, həm də siyasi-iqtisadi baxımdan mühüm geostrateji mövqedə yerləşən Azərbaycana ehtiyacı hiss edir. Ona görə ki, Azərbaycan Cənubi Qafqazda Mərkəzi Asiyaya uzanan körpüdə əhəmiyyətli birləşdiricidir.

Azərbaycan da NATO ilə əlaqələrin böyüməsində maraqlıdır. Çünki NATO amili regionda istər-istəməz nəzəri də olsa geosiyasi balans yaradan manevr sahəsi təqdim edir.

Bu ehtiyaclardan doğan çağırışları icra etmək üçün Azərbaycanla NATO qarşılıqlı maraqlar əsasında müzakirələr aparır, hətta mümkündür ki, təhlükəsizliyə dair yeni proqram hazırlayırlar.

Hesab edirəm ki, Münhen Təhlükəsizlik Konfransı həmin kontekstə daha çox vurğu edir və Qərbdən Azərbaycana qarşı qışqıran mövqeləri kölgə altında qoyur.

Buna görə də, Azərbaycanın kollektiv Qərblə yox, sadəcə Fransanın öndərliyi altında fəaliyyət göstərən qüvvə və təşkilatlarla münasibətləri gərginləşə bilər, NATO ilə yox”.

Turan Rzayev
Globalinfo.az