1771018661 3fac8f3c53eee09fb9161760f0e61918

Prezident İlham Əliyevin Münhendə “France 24” telekanalına müsahibəsi bir çox baxımdan diqqət çəkir. Dövlət başçısı Ermənistanda referendumun keçirilməsinin planlandığını, bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacağını söyləyib.

Prezident bildirib ki, normallaşma prosesi uğurla irəliləyir və formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi rəsmən sülhün olacağına ümid edir. İ.Əliyev artıq iki ölkə arasında əlaqələrin qurulduğunu və Azərbaycan üçün sülhün əldə edildiyini vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyevin açıqlaması faktiki olaraq Bakı üçün sülh prosesinin artıq siyasi müzakirə mərhələsini geridə qoyduğunu və hüquqi-formal tamamlanma mərhələsinə keçdiyini göstərir:

“Ermənistanın referendum keçirmə ehtimalının vurğulanması isə məsuliyyətin birbaşa İrəvanın üzərinə qoyulmasına işarədir.  Yəni Azərbaycan tərəfi sülh üçün öz şərtlərini və mövqeyini çoxdan formalaşdırıb, indi isə prosesin ləngiməsi və ya irəliləməsi Ermənistanın daxili siyasi iradəsindən asılıdır. Bu mesaj eyni zamanda beynəlxalq ictimaiyyətə də ünvanlanıb: Bakı sülhə mane olan tərəf deyil və prosesin açarı artıq qarşı tərəfin əlindədir.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva 

Digər mühüm məqam ondan ibarətdir ki, PrezidentAzərbaycan üçün sülh əldə olunub” ifadəsi ilə psixoloji və siyasi çərçivəni dəyişir. Burada söhbət kağız üzərində imzadan yox, faktiki reallıqdan gedir. Azərbaycan müharibədən sonra yaranmış status-kvonu öz xeyrinə rəsmiləşdirib, təhlükəsizlik və suverenlik baxımından əsas məqsədlərinə çatıb. Sazişin imzalanması isə bu reallığın hüquqi sənədə çevrilməsidir. Bu yanaşma Bakının özünəinamını və prosesdə tələskən olmadığını göstərir: sülh imzalansa da, imzalanmasa da, Azərbaycan artıq nəticəni əldə etmiş tərəf kimi çıxış edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: