WhatsApp Image 2026 03 06 at 12.09.37

Globalinfo.az Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə müsahibənin ikinci – sonuncu hissəsini təqdim edir:

(Birinci hissəyə burdan baxa bilərsiniz)

– Türkiyənin məsələyə yanaşması da diqqət çəkir. Ankara balanslı mövqe nümayiş etdirir. Maraqlıdır ki, İranın regionda zərbə endirmədiyi nadir ölkələrdən biri də məhz Türkiyədir. Türkiyənin bu mövqeyini necə qiymətləndirirsiniz?

– Əvvəla, Türkiyədə yerləşən İncirlik bazası ABŞ-ın deyil, NATO-nun hərbi bazasıdır. Düzdür, potensial hədəflər arasında ABŞ-ın bazaları var, amma İncirlik bazası NATO bazası olduğuna görə İran ora zərbə endirməyib. Ümumiyyətlə, Türkiyə digər region ölkələri kimi deyil. Türkiyə NATO üzvüdür və ona vurulacaq hər hansı zərbə NATO-ya vurulmuş zərbə sayılır.

İkincisi, Türkiyənin siyasəti anti-İran xarakteri daşımır. Ankara çalışır ki, proseslər diplomatik yolla həll olunsun. Hətta Türkiyə tərəfi Abbas Araqçını danışıqlar üçün Ankaraya dəvət etmişdi. Burada Türkiyə müəyyən vasitəçilik təşəbbüsü göstərməyə çalışırdı. Sonuncu görüş fevralın 12-də baş tutmuşdu. Qeyd edim ki, Oman da vasitəçilik edirdi, lakin Omanla Türkiyə eyni kateqoriyadan olan ölkələr deyil.

Türkiyə bu məsələdə konstruktiv rol oynayır və hazırda da eyni mövqedən çıxış edir. Eyni zamanda, Türkiyə böyük gücdür. Heç bir ərəb ölkəsində Türkiyədəki kimi hərbi və siyasi güc yoxdur. Bütün bu faktorlar İranı Türkiyəyə qarşı müəyyən addımlar atmaqdan çəkindirir.

– Bəzi yanaşmalara görə, Türkiyə tərəfi İranın məhdud səviyyədə gərginlik içində olmasında maraqlıdır. Belə ki, Türkiyədə ildən-ilə artan etnik-demoqrafik vəziyyətlə bağlı olaraq İrandakı türk mənşəli əhalinin miqrasiya yolu ilə problemin həllinə nail olunmasının planlaşdırıldığı iddia olunur. Bu fikirləri nə dərəcədə əsaslı hesab etmək olar?

– Düşünmürəm ki, Türkiyə bu yolla demoqrafik vəziyyəti həll etmək istəyir. Suriyada baş verən hadisələr fonunda Türkiyəyə böyük miqrasiya axını oldu. Bu məsələ hələ də Türkiyədə ciddi problem olaraq qalır. Bu, təkcə humanitar problem deyil, həm də siyasi problemlər yaradıb. Problemlərin davam etdiyi bir vaxtda inanmıram ki, Türkiyə belə bir yola əl atsın.

Məsələn, Türkiyə keçən il qanun qəbul etdi ki, türk dilli ölkələrdən işləmək məqsədilə gələn şəxslərə daha sadələşdirilmiş və ya sərbəst viza rejimi tətbiq olunsun. Məqsəd müəyyən mənada türk dilli ölkələrdən gələcək şəxslər vasitəsilə demoqrafik və əmək bazarı məsələlərini tənzimləmək idi.

Bundan başqa, daxildə əhali artımını stimullaşdırmaq üçün də müxtəlif təşəbbüslər və təkliflər irəli sürülür.

– Mövcud gərginlik fonunda Azərbaycanın mövqeyi xüsusi diqqət çəkir. Rəsmi Bakı uzun illərdir balanslı siyasət yürüdür və ərazisində xarici hərbi bazaların olmadığını faktiki olaraq sübut edib. Hazırkı qarşıdurma fonunda bu mövqe Azərbaycanın təhlükəsizlik strategiyasına necə təsir edir?

Azərbaycan məsələnin diplomatik yolla həllində maraqlıdır. Digər vacib məqam odur ki, biz regionda bütün ölkələrin, o cümlədən İranın da ərazi bütövlüyünü dəstəkləyirik. Bizim üçün əsas prinsip beynəlxalq hüquqdur. Qeyd edim ki, 30 ildir bu siyasi xətti izləyirik. Azərbaycan özü işğala məruz qalmış ölkə kimi heç bir işğalı dəstəkləmir.

Təbii reallıq odur ki, müharibə davam edir və biz hər hansı ssenariyə hazır olmalıyıq. Müdafiə strukturlarımız və təhlükəsizlik qurumlarımız müxtəlif ehtimalları nəzərə alaraq fəaliyyət göstərir.

Məsələn, Ukrayna müharibəsinin də müəyyən təsirləri oldu. Düzdür, ölkəmizə qaçqın axını olmadı, lakin iqtisadi fəsadlar müşahidə edildi. Dünya bazarında qiymətlərin artması Azərbaycana da təsirsiz ötüşmədi. Xüsusilə qida məhsullarının qiymətlərində bahalaşma hiss olundu. Bu baxımdan mövcud proseslərin oxşar mənfi iqtisadi təsirlər yaratması mümkündür.

ferid sefiyev 3

– Prezident İlham Əliyevin martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı ABŞ ilə imzalanmış strateji sənədlərə toxunması diqqət çəkdi. Prezident bildirib ki, bütün bunlar onun və ABŞ-ın vitse-prezidenti tərəfindən imzalanmış Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra üzərində iş gedən layihələrdir. Bu Xartiya süni intellekt, enerji, nəqliyyat və digər sahələri əhatə edir. Dövlət başçısının məhz indiki məqamda bu sənədə toxunmasını necə başa düşmək olar?

– Azərbaycanın ABŞ ilə gündəliyi çoxşaxəlidir və burada müxtəlif istiqamətlər mövcuddur. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ABŞ-ın regionumuza yenidən aktiv şəkildə qayıtması kimi qiymətləndirilə bilər. Lakin Azərbaycanın şərtləri və prinsipləri hamıya məlumdur. Biz hər hansı bir münaqişədə iştirak etmək niyyətində deyilik.

Məsələn, Prezident Qəzza ilə bağlı məsələ üzrə açıq mövqe ifadə edib və Azərbaycan hərbçilərinin başqa regionlarda döyüşməyəcəyini bildirib. Azərbaycanın yeganə müttəfiqlik öhdəliyi Türkiyə ilə bağlıdır və bu, Şuşa Bəyannaməsi ilə təsbit olunub. Həmin sənədə əsasən tərəflər bir-birinə hərbi yardım göstərə bilər. Bundan başqa, Azərbaycan Ordusu üçüncü ölkənin maraqları naminə hər hansı müharibəyə qoşulmayacaq. Bu, Prezidentin qəti mövqeyidir və ABŞ ilə əməkdaşlıqda da bu prinsiplər nəzərə alınır.

ABŞ ilə əvvəllər də hərbi əməkdaşlıq mövcud olub. Mümkündür ki, bu Xartiya ilə əməkdaşlıq daha da inkişaf etsin, lakin bu, o demək deyil ki, üçüncü bir ölkəyə qarşı yönəlib. Xartiya daha çox nəqliyyat, logistika, süni intellekt, enerji və digər mülki sahələri əhatə edir.

– Fərid bəy, Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı Rusiya dəmir yollarına nəzarət məsələsini önə çəkir, İran isə layihəyə açıq şəkildə etiraz edir. Mövcud regional gərginlik bu layihənin reallaşma perspektivlərinə necə təsir edə bilər?

– Bu məsələ daha çox ErmənistanRusiya arasında müzakirə olunmalıdır. Orada Nikol Paşinyan və digər rəsmilər qeyd ediblər ki, 42 kilometrlik hissə üçün müəyyən xüsusi rejim tətbiq oluna bilər. Lakin bu o demək deyil ki, həmin yol Rusiyanın tabeliyinə veriləcək.

Müqayisə üçün deyim ki, 1994-cü ildə biz “Əsrin müqaviləsi”ni imzaladıq. Həmin vaxt Rusiya buna kəskin şəkildə etiraz edirdi. Hətta BMT-də sənədlər imzalanmışdı ki, yataqların hüquqi statusu müəyyən olunmayıb. Lakin biz işə başladıq və Rusiya gördü ki, prosesdən kənarda qalacaq. Daha sonra maraq göstərdi və Ulu Öndər tərəfindən “Lukoyl” şirkətinə layihədə pay verildi. Beləliklə, Rusiya bu və digər formada prosesdə iştirak etdi.

Ola bilər ki, Rusiya anlayacaq ki, layihələrdən kənarda qalır və buna görə də prosesdə iştirak etmək istəyəcək. Məsələn, Azərbaycan ərazisi vasitəsilə Ermənistana malların daşınması daha effektivdir. Əvvəllər bu daşımalar Gürcüstan üzərindən həyata keçirilirdi, lakin Lars yolu qış aylarında qar səbəbindən çətinlik yaradır.

Hər halda, Rusiyanın mövqeyində müəyyən dəyişikliklərin ola biləcəyini düşünürəm. Çünki martın 2-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk Azərbaycana səfər etdi və səfər zamanı bir çox məsələlər müzakirə olundu.

ferid sefiyev 2

– Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Aleksey Overçuku qəbul edib. Görüş zamanı AzərbaycanRusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranmış problemlərin həlli istiqamətində yaxın vaxtlarda kompleks praktik addımların atılacağı qeyd olunub. AzərbaycanRusiya arasında son dövrlərdə baş vermiş hadisələr fonunda münasibətlərin normallaşma perspektivini necə görürsünüz? Qarşıdakı mərhələdə strateji tərəfdaşlıq modeli qorunacaq, yoxsa daha praqmatik və məsafəli münasibətlər formatına keçid gözlənilir?

– Diplomatik kanallar vasitəsilə Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində müəyyən mesajlar gəlir. Mən belə başa düşürəm ki, Azərbaycanın haqlı tələbləri icra olunmasa, bu normallaşma mümkün olmayacaq. Əgər həmin məsələlər həllini tapsa, münasibətlərin normallaşması baş tuta bilər.

Mənim özümün də müəyyən təmaslarım olub. Rusiyalı ekspertlər də bildirirlər ki, bu məsələnin yaxın zamanda həll olunacağı gözlənilir. Əgər həll olunsa, münasibətlər də tədricən normallaşa bilər.

Söhbətləşdi: Turan Rzayev
Fotolar: İntiqam Əhmədov
Globalinfo.az

Paylaş: