Moskva görüşü: Lavrov bağlı qapılar arxasında nazirlərə deyib ki…

“Moskvadakı görüşdən aydın olur ki, danışıqlar daha çox formal xarakter daşıyır. Yəni ortada bir sənəd var və demək olar ki, hazırdır”.

Bunu Moskvada Ermənistan-Azərbaycan rəsmiləri arasında keçirilən görüşünün nəticələrini şərh edən analitik İlkin Həsənov Globalinfo.az-a açıqlamasında deyib.

İ.Həsənov bildirib ki, sənəd Vaşinqtonda müzakirə edilmiş sənəddir.

“Moskva demək olar ki, sənədlə razıdır, amma bəzi şərtləri var. Onlar isə daha çox Rusiyanın bölgədə qalmasını təmin etməklə bağlıdır. Bir sözlə, tərəfləri Moskvaya dəvət edən Lavrov onlara sadəcə, Kremlin əsas şərtlərini çatdırıb. Digər tərəfdən isə bununla Rusiya həm də özünün gücü ilə bağlı görüntü yaradır. Bunu sübut edən məqam həm də vaxt ilə bağlıdır. Məsələ odur ki, üçtərəfli görüş bir neçə saat, Bayramovla Mirzoyan görüşü isə cəmi 40 dəqiqədən bir az çox davam edib. Bu həm də tərəflərin daha çox liderlərin görüşünə fokuslandığını göstərir. Yəni gələn həftə keçiriləcək görüşdə irəliləyiş əldə olunması ehtimalı mövcuddur”.

Analitik qeyd edib ki, Rusiya indi daha çox Zəngəzur və delimitasiya ilə bağlı razılıq əldə etməyə çalışır:

“Hər iki məsələ Moskva üçün önəmlidir. Qarabağ gündəmdədirmi? Gündəmdədir, amma açıqlamalardan görünən odur ki, ruslar bu işdə daha çox sülhməramlıların qalma müddətinin uzadılmasına fokuslanıblar. Bakı təbii ki, növbəti 5 ilə razı olmayacaq, ona görə də ruslar alternativ versiya verə bilərlər. Bununla Azərbaycanın razılaşacağı hələlik inandırıcı görünmür.

Zəngəzura gəlincə isə, böyük ehtimalla irəliləyiş tezliklə olacaq.

Bir sözlə, Moskvada yeni heç nə yoxdur. Ortada sadəcə Moskvanın mövqeyinin nəzərə alınması fikri var. Və danışıqlar buna görə də iki tərəfin mövqeyini razılaşdırmaqdan çox, iki tərəfin razılığının üç tərəflə razılaşdırılmasından gedir. Bakı ilə İrəvan arasında hələlik hər şey qaydasındadır və nəzərdə tutulduğu kimi gedir”.